Azərbaycanın 2 universiteti dünya reytinqində

Dünyanın ən yaxşı universitetlərinin növbəti reytinq cədvəli (Round University Ranking) açıqlanıb.   ABŞ-ın Harvard Universiteti 2019-cu il üzrə dünyanın 100 ən yaxşı ali məktəblərinin siyahısına başçılıq edir.     Harvard Universiteti bu ildə liderlik mövqeyini saxlayıb.  Reytinqin ilk 10-luğunda ABŞ universitetləri üstünlük təşkil edir.  ABŞ-ın Stanford, Yel, Kolumbiya, Kaliforniya, Massaçusets Texniki universitetləri, Böyük Britaniyanın London İmperial Kolleci, Oksford və Kembric universitetləri və İsveçrənin Sürix Universiteti ilk onluğa daxil olublar.


Reytinqdə  Rusiya 74 universitetlə təmsil olunur.  Bu ölkənin 5 ali məktəbi ilk yüzlüyə daxil olub:  M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (38-ci yer), Tomsk Dövlət Universiteti (59-cu yer), Rusiya Xalqlar Dostluğu Universiteti (77-ci yer), Sankt-Peterburq Dövlət Universiteti (93-cü yer) və “MİFİ” Milli Nüvə Tədqiqatları Universiteti (94-cü yer). Reytinq cədvəlində MDB ölkələrindən 30 ali məktəb  ilk 500 universitet sırasında yer alıb. 

 

Sıralamada  Azərbaycanın iki ali məktəbi yer alıb.  Bakı Dövlət Universiteti reytinqdə 667-ci, Azərbaycan Memarlıq və İnşaat Universiteti  775-ci yerlərdə təmsil olunurlar. BDU  tədrisin keyfiyyətinə görə 543-cü, tədqiqatların keyfiyyətinə görə 668-ci, beynəlmiləlləşmənin səviyyəsinə görə 585-ci, maliyyə davamlılığı səviyyəsinə görə 761-ci yerdə, Azərbaycan Memarlıq və İnşaat Universiteti  tədrisin keyfiyyətinə görə 743-cü,  tədqiqatların keyfiyyətinə görə 724-cü,  beynəlmiləlləşmənin səviyyəsinə görə 598-ci, maliyyə davamlılığı səviyyəsinə görə 812-ci yerlərdə qərarlaşıblar.


Qeyd edək ki,  builki reytinqə  dünyanın  74 ölkəsindən 820 ali məktəb daxil olub. 2010-cu ildən dərc edilən reytinq  universitetləri  20 kriteriya, o cümlədən təhsilin keyfiyyəti, beynəlmiləlçilik və maliyyə dayanıqlığı kimi meyarlar üzrə qiymətləndirilir.

 

Reytinq tamamilə  Clarivate  Analytics-in  Web of Science  elmi bazasının  məlumatları əsasında   hazırlanıb.   

 

 

Oruc MUSTAFAYEV

 



23.04.2019 | 17:00