Akademik Zərifə Əliyeva oftalmologiya elminin tərəqqisinə böyük töhfələr verib

Aprelin 23-də AMEA-da görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr olunan “Alim qadın - Böyük ana akademik Zərifə Əliyeva” adlı tədbir keçirilib.

 

AMEA-nın Qadınlar Şurasının təşkilatçılığı ilə baş tutan tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açıb. O, oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə Əliyevanın zəngin elmi irsindən və fəaliyyətinin müxtəlif dövrlərindən danışıb. Bildirib ki, Zərifə xanım görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya gəlib. Atasının ömür yolu Zərifə xanım üçün əsl həyat məktəbi olub.

 

AMEA-nın vitse-prezidenti Zərifə Əliyevanın həyat yolunun hər bir Azərbaycan vətəndaşı, alimi və həkimi üçün mənəviyyat dərsi, kamillik məktəbi olduğunu vurğulayıb. Əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi başlayan görkəmli alim bütün ömrünü oftalmologiyaya həsr edib, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Zərifə Əliyeva peşə patologiyası problemləri ilə yanaşı, oftalmologiyanın digər aktual istiqamətlərində tədqiqatlar aparıb. Görkəmli alimin 200-dək elmi işi, 14 monoqrafiyası, 12 səmərələşdirici təklifi bu gün də aktuallığını qoruyub saxlayır. Oftalmoloq-alim peşəkarlığı, istedadı ilə yanaşı, sadəliyi, qayğıkeşliyi və səmimiyyəti ilə onu əhatə edən insanların rəğbətini və məhəbbətini qazanıb.

 

Zərifə xanımın həm də görkəmli ictimai xadim olduğunu diqqətə çatdıran İ.Həbibbəyli onun keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, həmçinin Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olduğunu, “Əməkdar elm xadimi” fəxri adına layiq görüldüyünü bildirib.

 

AMEA-nın vitse-prezidenti vurğulayıb ki, Zərifə Əliyeva Azərbaycana İlham Əliyev kimi Prezident bəxş edən bir ana olaraq hər zaman tarixdə qalacaq. Ölkəmizin sürətli inkişafı, dünyadakı nüfuzu, möhtəşəm uğurları ilə fəxr edərkən, Azərbaycan Prezidentinin bilik və bacarığının, qətiyyət və müdrikliyinin təməlində ulu öndər Heydər Əliyev ilə yanaşı, sözsüz ki, Zərifə xanımın da təsirini görürük.

 

 

Sonra İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova çıxış edərək bildirib ki, Zərifə Əliyeva Azərbaycanda oftalmologiya sahəsində ilk qadın akademik kimi tibb işçilərinin hazırlanmasında, elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərib. Onun inkişaf etdirdiyi elm sahəsinin davamçıları bu gün də alimin irsindən faydalanırlar.

 

AMEA-nın Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə isə çıxışında qeyd edib ki, Zərifə Əliyevanın tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatları, qazandığı nailiyyətləri, fundamental əsərləri Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.

 

Tədbirdə millət vəkili, siyasi elmlər doktoru, dosent Qənirə Paşayeva da çıxış edərək görkəmli oftalmoloq-alim Zərifə Əliyeva ilə bağlı fikirlərini bölüşüb. Bildirib ki, Azərbaycan ziyalı qadınının ən gözəl simalarından olan Zərifə xanımın xarakterində məsuliyyət, zəhmətkeşlik və xeyirxahlıq kimi üç böyük xüsusiyyət cəmləşmişdir. Millət vəkili qeyd edib ki, Zərifə xanım elmi yaradıcılığında hər zaman ciddi problemlərə toxunmuş, göz xəstəliklərinin qarışını almaq və onları ən effektiv yolla müalicə etmək üçün əlindən gələni etmişdir. Alimin bu gün də aktual olan elmi araşdırmaları və əldə etdiyi nailiyyətlər bir daha onun uzaqgörənliyini, böyük hədəflərə nail olduğunu sübut edir.

 

Q.Paşayeva bu kimi tədbirlərin keçirilməsinin Zərifə xanımın zəngin elmi fəaliyyətinin gənc alimlərə çatdırılması baxımından əhəmiyyətli olduğunu söyləyib.  O, həmçinin Zərifə xanım Əliyevanın gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsindəki bir sıra orijinal kəşflərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.Averbax adına mükafatına layiq görüldüyünü diqqətə çatdırıb. Qeyd edib ki, Zərifə xanım keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim idi.

 

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova isə vurğulayıb ki, fədakar alim və qayğıkeş insan Zərifə xanım Əliyeva dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və praktik olaraq elm aləmində yeni bir istiqamətin-peşə oftalmologiyasının əsasını qoyub. Tanınmış oftalmoloq, eyni zamanda, həmvətənlərinin qayğısına qalan humanist insan idi. Onun həyat ideyaları və şəxsiyyəti bu gün müasir Azərbaycan gəncliyi üçün bir örnəkdir.

 

Daha sonra çıxış edən AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru Ulduz Həşimova oftalmoloq-alimin həyatının böyük bir hissəsinin Fiziologiya İnstitutu ilə bağlı olduğunu söyləyib. Qeyd edib ki, 1979-cu ildə Zərifə Əliyevanın təklifi ilə AMEA Fiziologiya İnstitutunda Görmə orqanının fiziologiyası və peşə patologiyası problem laboratoriyası yaradılıb, həmin laboratoriyada az intensivli zərərli istehsal amillərinin görmə orqanına fizioloji, klinik, funksional, histoloji təsir mexanizmlərinin öyrənilməsi üzrə multidissiplinar araşdırmalar aparılıb. Bu elmi tədqiqatların nəticəsində Zərifə  Əliyeva bir neçə monoqrafiya, o cümlədən bütün dünyada qəbul edilmiş “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliklərinin profilaktikası” monoqrafiyalarını çap etdirib.

 

Tədbirdə “Modern inkişaf və ailə” cəmiyyətinin sədri, Nəsimi rayon Ağbirçəklər cəmiyyətinin sədri, YAP Respublika Qadınlar Şurası İdarə Heyətinin üzvü Zərifə Quliyeva çıxış edərək görkəmli alimlə bağlı xatirələrdən danışıb.

 

Sonda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun doktorantı Pənah Hacıyev oftalmoloq-alim Zərifə Əliyevaya həsr olunan “Ana” şeirini səsləndirib.

 



23.04.2019 | 20:32