NDU-da karikatura üzrə sərgi təşkil edilib

Naxçıvan Dövlət Universitetinin (NDU) İncəsənət fakültəsində Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar olaraq karikatura üzrə sərgi təşkil edilib.

 

55 tələbənin 75 əsərinin nümayiş olunduğu sərgidə  universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Prezident İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında”, eyni zamanda, Naxçıvanın Ali Məclisinin Sədri Vasif Talıbovun “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamlara uyğun olaraq silsilə tədbirlər keçirildiyini bildirib.  Rektor sərəncamları təkcə Mirzə Cəlilə deyil, bütünlükdə Azərbaycan ədəbiyyatına verilən dəyər kimi qiymətləndirib. Bildirilib ki, Azərbaycanda karikaturanın ilk əlamətlərinə orta əsr rəssamlarının yaradıcılığında təsadüf edilir. Müstəqil janr kimi XX əsrin əvvəllərində rus satirik qrafikası və "Molla Nəsrəddin" jurnalının ideya-bədii təsiri nəticəsində yaranan karikatura, 1952-ci ildə "Kirpi" jurnalının nəşri ilə mövzu dairəsini daha da genişləndirib.

 

Azərbaycanın Xalq Rəssamı, Təsviri incəsənət kafedrasının müdiri Hüseynqulu Əliyev böyük yazıçı və ictimai xadim, “Molla Nəsrəddin” satirik məcmuəsinin və eyniadlı ədəbi məktəbin yaradıcısı Cəlil Məmmədquluzadənin zəngin və çoxcəhətli yaradıcılıq fəaliyyəti barədə ətraflı məlumat verib. Təşkil edilən sərginin həm müəllimlərin, həm də tələbələrin yaradıcılığında mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Rəssam “Molla Nəsrəddin” jurnalının dövrün ictimai eyiblərini açıq şəkildə ortaya qoyduğunu fikirlərinə əlavə edib. Eyni zamanda, karikatura ustaları, Molla Nəsrəddinçi rəssamlar Ə.Əzimzadə, O.Şmerlinq, İ.Rotter, X.Musayev və başqalarının fəaliyyətlərinə toxunub.

 

Sərgidə əl işləri nümayiş olunan tələbələr universitetin sertifikatı ilə təltif ediliblər.

 



24.04.2019 | 12:34