“Türk odası”nın yaradılmasının 15 illiyinə həsr olunmuş tədbir keçirilib

Aprelin 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Türk odası”nın yaradılmasının 15 illiyinə həsr olunmuş tədbir keçirilib. Mərasimdə ADPU-nun rəhbərliyi, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, universitetin fakültə dekanları, kafedra müdirləri, müəllim və tələbələr  iştirak ediblər.

 

Tədbirdən öncə ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbir iştirakçıları ilə görüşüb.

 

Görüşdən sonra tədbir iştirakçıları “Türk odası”nı, Türk araşdırmaları elmi-tədqiqat mərkəzini, TÜRKSOY kafedrasını ziyarət ediblər.

 

Tədbir universitetin Heydər Əliyev məktəbinin lektoriyasında davam edib. Rektor C.Cəfərov “Türk odası”nın yaradılmasının 15 illiyinin qeyd edilməsini ali məktəbin həyatında əlamətdar hadisə kimi dəyərləndirib. O bildirib ki, “Türk odası” ADPU-da 2004-cü ildə Türkiyə səfirliyi tərəfindən yaradılıb. Bu, ADPU-nun fəaliyyəti dövründə universitetdə təşkil olunmuş ilk beynəlxalq qurumdur. Onun yaradılmasını zəruri edən başlıca səbəb ADPU-da müstəqillik dövründə türk xalqları ədəbiyyatı və mədəniyyətinin geniş şəkildə araşdırılması, tədrisi və təbliği sahəsində əldə olunmuş nailiyyətlərlə bağlıdır. Rektor ADPU-da “Türk odası”nın fəaliyyətə başlamasının tarixi barədə ətraflı məlumat verib və bu məsələdə Türkiyə səfirliyinin rolunu qeyd edib.  

 

C.Cəfərov vurğulayıb ki, bu gün “Türk odası” Türkiyənin Hacettepe, Uludağ, Orxon Qazi, Məhməd Akif Ərsoy, Ege və digər nüfuzlu universitetləri ilə sıx əlaqədədir. Eyni zamanda, Türk Ocaqlar Birliyi, Türk Dil Qurumu, TÜRKSOY, TİKA ilə yaradılmış əlaqələr “Türk odası”nın qarşıya qoyduğu məqsədlərə çatmasına kömək edir. Həmin qurumlar tərəfindən təşkil olunmuş beynəlxalq konfranslara “Türk odası”nın dəvət edilməsi həm odanın, həm də universitetin yeni imic qazanmasına, beynəlxalq nüfuzunun artmasına və beynəlxalq aləmdə tanınmasına mühüm təsir göstərib. Türkiyə, Şimali Kipr, Türkmənistan, Qırğızıstan, Qazaxıstan və başqa türk dövlətlərində təşkil olunmuş elmi-kütləvi tədbirlərdə “Türk odası”nın müntəzəm iştirakı həmin ölkələrdə bu quruma olan diqqət və marağı artırıb. Hazırda “Türk odası” bu ölkələrdə elmi və mədəni qurum kimi tanınır.

 

Rektor onu da bildirib ki, “Türk odası”nda zəngin kitabxana yaradılıb. Türkiyənin Azərbaycandakı səfirliyi, Türkiyənin Mədəniyyət Nazirliyi və TİKA-nın birgə layihələri əsasında 2004-cü ildə 1000, 2007-ci ildə 500, 2018-ci ildə 350 kitabın “Türk odası”na pulsuz hədiyyə edilməsi “Türk odası” kitabxanasının zənginləşməsinə səbəb olub. “Türk odası” ADPU-da təhsil alan türkiyəli tələbələrlə də yaxından əlaqə saxlayır, bir sıra tədbirlərin keçirilməsində türkiyəli tələbələrlə birgə iş aparılır.

 

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxışında tədbirdə iştirak etməsindən sevinc və qürur duyduğunu bildirib: “ADPU-da “Türk odası”nın fəaliyyət göstərməsi çox təqdirəlayiqdir. Bizim belə qurumlara ehtiyacımız var. Belə qurumlar bizim elm, təhsil və mədəniyyət sahəsindəki əlaqələrimizə böyük dəstək verir”.

 

Tədbirdə “Türk odası” ilə bağlı slayd təqdim edilib.

 

Daha sonra professor Elman Quliyevin “Türk odası”nın 15 ildəki fəaliyyəti haqqında hesabat məruzəsi dinlənilib.

 



24.04.2019 | 15:59