Əsas nəticə deyil, iştirakdır

Təhsildə böyük uğurlar əldə etmiş Finlandiya barədə qəzetimizdə bir neçə dəfə yazılar dərc etmişik. Finlandiya təhsil standartlarına həm dünyada, həm də bu ölkənin özündə münasibət birmənalı deyil. Tənqid də var, tərif də. Finlandiya təhsil sistemində və ümumiyyətlə, fin cəmiyyətində idman və bədən tərbiyəsinə dair qənaət isə yekdildir: finlilər dünyanın ən sağlam və fiziki baxımdan hazırlıqlı xalqlarından biridirlər.

 

Məktəblilərin sevimli hobbisi

 

Təbii ki, bu reallıq birbaşa olaraq Finlandiya məktəblərində fiziki hazırlıq dərslərinin yüksək keyfiyyətlə və uşaqlar üçün maraq kəsb edən formada təşkilindən asılıdır. Bu ölkəni fiziki mədəniyyət və idmansız təsəvvür etmək mümkün deyil, çünki yaxşı fiziki formada olmaq sıravi finlilərin əsas məqsədlərindəndir. Avropa Komissiyasının 2010-cu ildə həyata keçirdiyi araşdırmanın nəticələrinə görə, Finlandiya insanlarının fiziki aktivliyinə görə Avropanın lider dövlətlərindən biridir. Fiziki tərbiyə üçün müxtəlif stimullar var: mübarizə ruhu, iradə möhkəmliyi, fiziki formaya dəstək və yaxud sadə dillə desək, kənardan yaxşı görünmək istəyi. Finlilərin əksəriyyəti aktiv həyat tərzi keçirirlər və hesab edirlər ki, bu onların rifah halının başlıca meyarıdır.

 

İdman uşaqların başlıca hobbisi, əyləncə növüdür. 18 yaşınadək uşaqların 90%-i aktiv idmanla məşğuldur. Bu prosesdə məktəb və idman klubları sıx əlaqədədirlər. Ən aktiv idman növləri futbol, bədii gimnastikanın müxtəlif formaları və təbii ki, buzüstü hokkeydir. Yaşlı əhalinin 90%-i həftədə ən azı 2 dəfə idman edir, 50%-i isə azı 4 dəfə. Orta statistik finli gün ərzində mütləq idmanla məşğul olmalıdır, ona görə də işləyən əhali əsasən iş yerinə yaxın hansısa idman klubunu seçir ki, nahar vaxtı mütləq məşğul ola bilsin. Söhbət əsas etibarilə fitness, qaçış, trenajor zalında məşqdən gedir.

 

Fiziki tərbiyə dərsləri üçün hər növ şəraiti (idman zalı, meydançalarla yanaşı, mütləq duş da olmalıdır) olan məktəblərdə uşaqların böyük əksəriyyəti fiziki hazırlıq dərslərinə qatılırlar. Özü də ruh yüksəkliyi ilə. İdman formasına dair ümumi tələblər yoxdur, kim necə istəyir geyinə bilər. Dərslər çox maraqlı keçir, çünki vahid qəlib, çərçivə yoxdur. Bu gün futbol oynanılacaq, gələn dərs qaçış olacaq. Qışda xizəksürmə və buzda sürüşmə idman növləri mütləq xarakter daşıyır. Finlandiya şimal ölkəsidir və burada qış idman növləri həmişə xüsusi diqqət mərkəzində olub.

 

Finlandiya məktəblərində il ərzində ən azı 5-6 dərs su hovuzunda keçirilir.

 

Finlandiyada idman malları satış mərkəzlərində bahalıqdır. Ancaq orta dolanışığı olan ailələr uşaqlarına işlənmiş xizək ala bilərlər və bu, heç bir kompleksə səbəb olmur. Əsas məqsəd uşağın aktiv fiziki həyatıdır, qalanları isə təfərrüatdır.

 

Bu məqam isə xüsusi diqqətəlayiqdir. Qəzetimizin sadiq oxucuları xatırlayarlar ki, Finlandiya təhsil sitemi özünün loyallığı, “yumşaqlığı” ilə seçilir. Şagirdlərə qiymət qoyulmur, proqramdan geri qalan uşağın digərlərinin səviyyəsinə çatdırılması üçün məktəb dəridən-qabıqdan çıxır. Bütün fənlərdə olduğu kimi, fiziki tərbiyə dərslərində də belədir: qiymətləndirmə uşağın göstərdiyi nəticəyə görə deyil, onun idmanla məşğul olmaq istəyinə əsasən tətbiq edilir. Yəni tutaq ki, uşaq qaçış yarışlarında sonuncu nəticəni əldə edib, ancaq qaçmaq üçün çox səy göstərib. Bax, qiymətləndirilən də elə bu səydir.

 

Finlandiyada məktəbin əsas məqsədi zorla savad öyrətmək deyil, sadəcə, uşaqları normativə yaxınlaşdırmaqdır. Bu tezisi rahatlıqla fiziki tərbiyə dərslərinə münasibətdə də işlətmək olar. Finlilər deyirlər: Bizim məqsədimiz mütləq idmançı yetişdirmək deyil. Niyyət fiziki cəhətdən sağlam nəsildir.

 

Könüllülər ordusu

 

“Bu Finlandiyadır” saytının verdiyi məlumata görə, ölkədə 9000-dən çox idman klubu fəaliyyət göstərir. Prinsipcə, burada qeyri-adi heç nə yoxdur. Elə ölkələr var, idman klublarının sayı daha çoxdur. Maraqlı məqam başqadır: bu klubların hamısına rəhbərliyi könüllülər edir. Klublara gələnlərin əksəriyyətinin uşaqlar və yeniyetmələr olduğunu nəzərə alsaq, belə çıxır ki, hər bir finli könüllü şəkildə yeni nəslin sağlam böyüməsinə öz töhfəsini vermiş olur. Klubların əksəriyyəti qeyri-kommersiya strukturlarıdır, onlara üzv olmaq yetərlidir. Bu klubların hamısı milli idman assosiasiyalarının regional filiallarına üzvdürlər.

 

İndi isə daha bir maraqlı məqam - idmanın maliyyə qaynaqları. Bu problemi həll etmək üçün finlilər çox orijinal yol tapıblar. Belə ki, ölkədə lotoreya oyunları bir monopolist şirkət - “Veykkaus” milli lotoreyasının nəzarətindədir. Bu şirkət gəlirlərinin 25%-ni idmanın inkişafına xərcləyir. Proses, yəni maliyyə axını və maliyyələşdirmə Təhsil və Mədəniyyət Nazirliyi vasitəsilə həyata keçirilir. Bu yolla müxtəlif idman təşkilatları və klublarına qrantlar vasitəsilə pullar ayrılır. Klublar eyni zamanda məşhur idmançılar tərəfindən də maliyyələşdirilə bilərlər. İdman klublarının infrastrukturunun işlək vəziyyətdə saxlanılmasına isə bələdiyyələr cavabdehdirlər.

 

Finlandiyada gənc nəslin fiziki hazırlığı və idmanla məşğul olma prosesini fərqləndirən xüsusi tərəf könüllülərin fəaliyyətidir. 5,4 milyonluq əhalinin təqribən 600 min nəfəri bu sahədədir. Ümumi əhalinin təqribən 10%-i. Hesablamalara görə, könüllülərin il ərzində gördükləri işin pulla ekvivalenti haradasa 1,5 milyard dollar təşkil edir.

 

Fiziki hazırlıq amili şəhərsalma orqanlarının da diqqətindən yayınmır. Şəhərlərdə hər yerdə idman qurğuları fəaliyyətdədir, yolların çəkilişində, yeraltı keçidlərdə mütləq velosiped sürənlərin ehtiyacları nəzərə alınır. Hər bələdiyyənin balansında ən müxtəlif idman növləri üçün qurğular mövcuddur - su hovuzundan tutmuş futbol meydançalarınadək.

 

Finlandiyada fiziki tərbiyə sferası ilə məşğul olan 13 institut fəaliyyət göstərir. Burada idman sahəsinin peşəkarları yetişdirilir, bu sahədə onlara orta və ali savad verilir. Belə institutlarda idman texnologiyaları və müxtəlif testləşdirmə üzrə aparıcı mütəxəssislər çalışır. Yuveskül Universiteti və Olimpiya İdman növləri Araşdırmaları İnstitutunda idman elm sahələri tədqiq edilir. Ümumiyyətlə, idman sahəsində finlandiyalı elm adamları bütün dünyada məşhurdurlar. Bir sıra fin şirkətləri idman sahəsində innovativ dizayn və proqramlara görə dünyada ad qazanıblar. Onların məhsullarının dünyada satılması üçün xüsusi proqram fəaliyyət göstərir: “Starta, diqqət, marş Finlandiya!”.

 

Milli qəhrəmanlar

 

Finlandiya əhalisinin 70%-i KİV vasitəsilə idman oyunlarını izləyir. Futbol, hokkey, qış idman növləri çox populyardır. Yeri gəlmişkən, Bakıda üçüncü dəfə keçiriləcək Formula-1 yarışları Finlandiyada da məşhurdur. Təsadüfi deyil ki, həmin yarışlara bilet alan əcnəbilərin statistikasında Finlandiya da öncül yerlərdən birini tutur.

 

Finlandiyada milli qəhrəmanlıq zirvəsinədək yüksəlmiş idmançılar var. Onların hamısı məktəblərdəki uğurlu fiziki tərbiyə dərsləri proqramları və könüllülərin rəhbərlik etdikləri idman klublarının məhsullarıdırlar. “Uçan fin” Paavo Nurmu uzun məsafələrə qaçış növündə 9 qızıl medalın sahibidir. 9 olimpiya qızılı və 3 gümüş medal qazanmış Nurmi 25 şəxsi və 2 qrup dünya rekordunun müəllifidir. Yuxa Kankkunen və Tomi Myakinen rallidə, Mika Hakkinen və Kimi Ryakinen Formula-1 yarışlarında çempion olublar. Teemmu Selyanne və Saku Koyvu hokkeydə, Laura Lepiste və Kiira Korpi fiqurlu konkisürmədə, Yari Litmanen, Sami Hyupia, Mikael Forssel futbolda Finlandiyanın adını dünyada məşhurlaşdırıblar. Bu məşhur idmançılar məktəblərdə fiziki tərbiyə dərslərini keçən uşaqlar üçün xüsusi stimuldurlar.

 

Rüstəm QARAXANLI

 



06.04.2018 | 12:34