3 “məktəb xəstəliyi”ndən biri

Orta məktəbi bitirənlərin cəmi 15 faizə qədəri yetkin həyata sağlam fərdlər kimi daxil olur. Məktəblilərdə ən çox rast gəlinən problemlərdən biri qamətlə bağlıdır. Araşdırmalara görə, ibtidai siniflərdə 51, orta siniflərdə 52, yuxarı siniflərdə 41 faiz təşkil edən bu problem ciddiliyinə görə artıq həyəcan təbili çalınacaq həddədir.

 

Problemin ciddiyyəti İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) skoliozun (onurğa əyriliyi) profilaktikasına həsr olunmuş sağlamlıq həftələri çərçivəsində həyata keçirilən müayinələr zamanı da nəzərə alınıb. Odur ki, Yevlax rayonunda fəaliyyət göstərən 33 orta ümumtəhsil məktəbində 9228 şagird müayinələrə cəlb olunub.

 

Müayinələrin nəticəsində 574 məktəblidə skoliozun ilkin əlamətləri aşkarlanıb və onlar ətraflı müayinə üçün ailə və ixtisas həkimlərinə yönləndirilib. Aparılan müayinələr zamanı bir sıra patologiyalar erkən aşkarlanıb. Belə ki, müayinəyə gələnlərin 567 nəfərində skolioz, 16 nəfərində kifoz, 4 nəfərdə isə onurğa deformasiyaları aşkarlanıb. Bundan əlavə, 100 nəfərdə 1-ci dərəcəli skolioz, 79 nəfərdə isə skolioza meyillilik olduğu üzə çıxıb.

 

Maraqlıdır, bu problem nədən qaynaqlanır? Niyə daha çox məktəblilərdə rast gəlinir? Problemdən çıxış yolu nədir?

 

Onurğa əyriliyi nə vaxtdan başlayır?

 

Mütəxəssislər hesab edir ki, onurğa sütununun bütün fizioloji əyrilikləri uşaq artıq 5-6 yaşlarına çatanda əmələ gəlir və hələ məktəbə başlamadan insanın qaməti formalaşır. Hazırda 50-80 faiz uşaqda qamətin bu və ya digər əyrilikləri müşahidə olunur. 5-9 faiz uşaqlarda isə onurğa sütununun ən ağır formalı deformasiyalarından hesab edilən və son nəticədə hətta əlilliyə də səbəb ola bilən skolioz xəstəliyi aşkar edilir.

 

Onurğanın ağır formalı əyrilikləri uşağı fiziki cəhətdən eybəcərləşdirir, onurğa sütununun donqarına və əlilliyə də gətirib çıxara bilir. Bundan başqa, onurğanın ağır formalı əyrilikləri bir çox orqan və sistemlərin fəaliyyətinə də mənfi təsir göstərir. Bu səbəbdən də profilaktik olaraq uşağı ildə 1 dəfə həkim-ortopedə göstərmək lazımdır.

 

Maraqlıdır ki, onurğa sütununun əyriliyinə səbəb olan müxtəlif amillər arasında hətta hamiləlik zamanı ananın düzgün qidalanmaması, yeni doğulmuş körpəyə 2 yaşına qədər ana südü verilməməsi də göstərilir. Üstəlik, bu, başlıca amillər siyahısında yer alır. Bundan başqa, onurğa əyriliyinin əmələ gəlməsi səbəbləri arasında anadangəlmə skelet anomaliyaları da mühüm rol oynayır.

 

Niyə məktəblilər?

 

Məktəbyaşlı uşaqlarda bu problemə daha çox rast gəlinməsi isə düzgün oturma bacarığının olmamasıyla, həmçinin məktəbli çantalarının həddən artıq ağırlığı ilə əlaqələndirilir.

 

Yuxarıdakı faiz göstəricilərindən də göründüyü kimi, uşaqların əksəriyyəti məktəbə gələndə artıq bu problem yaranmış olur. Məktəb həmin problemi ya inkişaf etdirə, ya da ləngidə bilər. Müəllim şagirdlərin parta arxasında oturmağına nəzarət edə, dərs sırasında şagirdlərin müxtəlif hərəkətlər etməsini təmin edə bilər. Məktəblərdə səhər dərs başlamadan hər bir uşağın idman etməsi təşkil edilə bilər. Bu tədbirlər onurğa sütununun yaranmaqda olan problemlərinin qarşısını alar, yaxud ləngidər. Həmin hərəkətlər bədənin müxtəlif əzələ qruplarının kifayət qədər möhkəmlənməsinə və qamətin düz olmasına kömək edir.

 

Valideyn bilməlidir ki...

 

Hökməli Tibb Məntəqəsinin baş həkimi, pediatr Hürü Osmanova “Azərbaycan müəllimi”nə bildirib ki, onurğa sütununun problemlərinin vaxtında aşkarlanması, qarşısının alınması, hətta heç başlamaması üçün valideynlərin və məktəbin üzərinə çox böyük iş düşür: “Adətən, bu problemlərlə uşaqlar düzgün olmayan qidalanma, yetişdirilmə şəkli, oturma vərdişi ilə bağlı olaraq qarşılaşırlar. Sakit dayanması üçün uşağın saatlarla telefonla oynamasına mane olmayan valideyn bilməlidir ki, körpənin boynu əyri formalaşacaq. Uşaqda vaxtında aşkarlanan bu tip problemlərin sonradan qarşısını almaq mümkündür. Əsas odur ki, valideyn uşağına qarşı diqqətli olmalıdır. Çiyninin duruşuna, yerişinə fikir verməlidir. Mütəmadi müayinələrə gətirilən uşaqlarda bu problemi vaxtında aşkarlamaq mümkün olur. Müxtəlif səbəblərdən müayinələrə vaxtında gələ bilməyənlər isə diqqətli olmalıdırlar. Hər zaman valideynlərə tövsiyə olaraq uşağa masaj və idman hərəkətlərinin etdirilməsinin çox vacib olduğunu deyirəm. Qida rasionunda sümüyün inkişafına kömək edən süd və süd məhsulları mütləq olmalıdır. Bu problemlə qarşılaşıblarsa, uşaqların üzgüçülüklə məşğul olması təmin edilməlidir. Hətta problem olmadan da, üzgüçülük uşağın ümumi inkişafında, qamətinin formalaşmasında olduğu qədər əhəmiyyətlidir”. 

 

3 “məktəb xəstəliyi”

 

Milli Təhsil Texnologiyaları Mərkəzi İctimai Birliyinin sədri Şamil Süleymanlının fikrincə, şagirdlər arasında psixoloji, fiziki sağlamlıq və inkişaf problemlərinin olması Təhsil Nazirliyinin həyata keçirdiyi layihə çərçivəsində ortaya çıxıb. Layihə çərçivəsində aparılan tibbi monitorinqlər 3 “məktəb xəstəliyi”nin geniş yayıldığını göstərib: normal fiziki inkişafın pozulması problemləri, qamət problemləri, görmə qabiliyyətinin pozulması. 2014-cü ildən başlayaraq 2500 uşaq Azərbaycan Tibb Universitetinin həkimləri tərəfindən müayinələrə cəlb edilib. Müəyyən olunub ki, görmə problemləri ibtidai (I-IV) siniflərdə 29 faiz, orta (V-IX) siniflərdə 25 faiz, yuxarı (X-XI) siniflərdə 45 faiz təşkil edir. Fiziki inkişafdan qalanlar (oğlanlar arasında) I sinifdə 19 faiz, V sinifdə 33 faiz, XI sinifdə 40 faizdir.

 

Uşaqların arasında piylənmə, boy kiçikliyi, cılızlaşma müşahidə olunub.

 

Qapalı, hərəkətsiz, zəif işıqlandırılan, gigiyenik tələblərə cavab verməyən siniflərdə şagirdlərin bu cür problemlərinin inkişaf etməməsi mümkün deyil: “Uşaqlar günün, yəni oyaq vaxtının 25 faizini sinifdə keçirir. Biz çalışırıq ki, uşaq vaxtının həmin 25 faizini doğru mühitdə olsun. Qalan 75 faizi valideynin, icra hakimiyyətlərinin və başqalarının üzərinə düşür. Məktəbin payına düşən zaman kəsiyində bu problemlər yaranmasın, mövcuddursa, inkişaf etməsin. Bu məqsədlə sağlam siniflər qurduq. Artıq 38 məktəbdə 168 sinfimiz var”.

 

“Sağlam təhsil-sağlam millət”

 

Məktəbdə şagirdləri yüksək intellektli insanlar kimi formalaşdırmaqla yanaşı, onları fiziki-psixoloji baxımdan da təkmil insan kimi yetişdirilməsi məqsədi ilə Təhsil Nazirliyi “Sağlam təhsil-sağlam millət” layihəsini davam etdirir. Layihə məktəblərdə sağlamlıq mərkəzlərinin açılması, imkansız ailələrin uşaqlarının həmin mərkəzlərdə vaxtaşırı müayinədən keçirilməsi, sinif kurikulumları planlaşdırılarkən sağlam həyat tərzini təbliğ edən mövzulara genis yer verilməsi, siniflərin tərtibat və təchizatında dəyişiklik etməklə yanaşı, oturacaqlı masaların ayaqüstü iş masalarıyla əvəz edilməsini nəzərdə tutub. Ş.Süleymanlı bildirib ki, adi siniflərdən fərqli olaraq, sağlam siniflər daha çox maliyyə vəsaiti tələb edir. İbtidai siniflər üçün belə siniflərin qurulması 950 manat, V-IX siniflər üçün isə 550 manat təşkil edir. Bundan başqa, təlim yükünün minimuma endirilməsi, uşaqların psixoloji təzyiqlərdən qorunması da vacib sayılan məsələlərdəndir.

 

Azərbaycan Tibb Universiteti Tədris-Terapevtik Klinikasının direktoru Hüseyn Qabulov “Azərbaycan müəllimi”nə açıqlamasında deyib ki, “Sağlam təhsil” siniflərində təhsil alan məktəblilərin sağlamlığına davamlı nəzarət bir sıra qanunauyğunluqları üzə çıxarıb. İlk sağlamlıq monitorinqləri göstərib ki, tədrisə yeni başlayan uşaqlarda artıq bir sıra sağlamlıq problemləri - xüsusilə də, qamət və görmə ilə əlaqədar problemlər yaşanır. Belə ki, 2014-cü ilin oktyabr ayında müayinə edilən tədrisə yeni başlayan ənənəvi sinif şagirdlərinin 16,7 faizində qamət pozulması aşkar edilib. 2016-cı ilin mayında (2-ci tədris ilinin sonu) ənənəvi siniflərdə uşaqlar arasında qamət pozğunluğu 2 dəfə artaraq 34 faizə qalxıb. 2017-ci ilin mayında (3-cü tədris ilinin sonu) bu rəqəm 37 faizə çatıb. “Sağlam təhsil” siniflərində isə cüzi dəyişiklik nəzərə çarpır: 2014-cü ilin oktyabrında 22,4 faiz, 2016-cı ilin mayında - 25,1 faiz, 2017-ci ilin mayında isə 24,7 faiz təşkil edib.

 

H.Qabulovun sözlərinə görə, sadəcə qamət deyil, şagirdlərin görmə qabiliyyəti ilə bağlı da maraqlı müşahidələr ortaya çıxıb. Onun sözlərinə görə, “Sağlam təhsil” siniflərində yaradılan şəraitin və tədrisin səmərəli təşkilinin görmə funksiyasına təsirini öyrənmək məqsədilə 2014-cü ildən başlayaraq həm “Sağlam təhsil” sinifləri, həm də paralel ənənəvi sinif şagirdləri oftalmoloji müayinədən keçirilir: “Görmə orqanının funksional inkişafı uşaq doğulan andan başlayaraq 12-14 yaşına qədər davam edir. Lakin normal inkişaf üçün mənfi təsir göstərən amillər olmamalı, əlverişli mühit yaradılmalıdır. Bununla yanaşı (təbii və süni işıqlanma səviyyəsi, boya müvafiq partalar və s.), şagirdlər boyun və göz hərəkətləri də həyata keçirir. 3 il ərzində aparılan monitorinqlərin nəticələri göstərib ki, “Sağlam təhsil” sinfinin şagirdlərində tədris müddətində görmə qabiliyyəti yaxşılaşıb. Belə ki, təhsilə yeni başlayan “Sağlam təhsil” sinfi şagirdlərinin 2014-cü ilin oktyabrında aparılan müayinələr zamanı yalnız 52,4 faizində normal uzaqdangörmə itiliyi qeyd edilirsə, 2016-cı ilin mayında belə uşaqların sayı 75,3 faiz, 2017-ci ilin mayında isə 76,2 faiz təşkil edir. “Sağlam təhsil” siniflərindən fərqli olaraq ənənəvi siniflərdə 2-ci tədris ilinin sonuna belə uşaqların sayı bir qədər artsa da, 2014-cü ilin oktyabrında  63 faiz; 2016-cı ilin mayında 71,7 faiz, 2017-ci ilin mayında, yəni 3-cü sinfin sonunda azalaraq 68,5 faiz təşkil edib”.

 

Məktəb xəstəliyi, yoxsa məktəbdə üzə çıxan xəstəliklər?

 

Müayinə nəticələrinin təhlili birmənalı olaraq göstərir ki, “Sağlam təhsil” siniflərində təşkil eidlmiş tədris şəraiti təhsilalanların sağlamlığının qorunması üçün daha əlverişlidir, bir sıra sağlamlıq problemlərinin aradan qaldırılmasında əhəmiyyətli rol oynayır. Lakin bu rəqəmlər həm də onu deməyə əsas verir ki, bir problem məktəbyaşlı uşaqlarda ortaya çıxırsa, bunun  günahkarı sadəcə məktəb deyil. H.Qabulovun da qeyd etdiyi kimi, görmə qabiliyyətinin hətta adi siniflərdə belə yaxşılaşma göstəricisi artıbsa, deməli, o problemi yaradan məktəb deyil. “Məktəb xəstəliyi” deyə xarakterizə olunan qamət və görmə problemlərinin məktəbə qədər keçdiyi bir yol olmasa, bu problem ibtidai siniflərdə deyil, 5-9-cu siniflərdə üzə çıxar.

 

Bütün bunlara baxmayaraq,  Təhsil Nazirliyi vaxtının 25 faizini məktəbdə keçirən yeni nəsil qarşısında məsuliyyətini dərk edir və onun sağlam yetişməsi üçün tədbirlər görür. Məktəbdə üzə çıxan həmin problemlərin inkişaf sürətinin ləngidilməsi, xəstəliklərin aradan qaldırılması üçün lazım olan şəraiti yaratmağa çalışır.

 

Ruhiyyə DAŞSALAHLI

 



06.04.2018 | 13:12