Pedaqoji mühazirələrin şəhər mərhələsi

“Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində təşkil edilən pedaqoji mühazirələrin şəhər mərhələsinin seçim turuna start verilib.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmrinə əsasən, keçirilən pedaqoji mühazirələrin rayon mərhələsində paytaxtın 12 inzibati rayonu üzrə 673 pedaqoji mühazirə dinlənilib. Onlardan 65 mühazirə müəllifi şəhər mərhələsində iştirak etmək hüququ qazanıb. 

 

Ümumi təhsil məktəblərinin pedaqoji heyətinin ən çox müraciət etdikləri mövzular “Məktəbəhazırlıq təhsili ibtidai təhsil sahəsində uğurların təminatçısıdır”, “Şagirdlərdə sağlam həyat tərzinin formalaşdırılması yolları”, "Vətənpərvərlik tərbiyəsi vətəndaş tərbiyəsinin əsasıdır", “İstedadlı şagirdlərlə işin təşkili formaları”dır.

 

Pedaqoji mühazirələrin şəhər mərhələsində mövzunun uyğunluğu və aktuallığı, təcrübi əhəmiyyəti, orijinallığı baxımından uyğun gələn ən uğurlu 15 mühazirə müəyyənləşdirilərək ölkə mərhələsinə təqdim olunacaq.

 

Pedaqoji mühazirə iştirakçıları Münsiflər heyəti tərəfindən müəyyən olunmuş meyarlar üzrə qiymətləndirilir.

 

Qeyd edək ki, pedaqoji mühazirələrin ölkə mərhələsinin qalibləri müvafiq qaydada mükafatlandırılacaqlar.

 

Pedaqoji mühazirələrin keçirilməsinin əsas məqsədi ümumi təhsil sahəsində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübəni təbliğ etmək və perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaqdan ibarətdir.

 



26.04.2019 | 12:40