Akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib

Dünya şöhrətli alim-oftalmoloq, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü  münasibəti ilə Naxçıvan Müəllimlər İnstitutunda tədbir keçirilib.

 

İnstitutun rektoru Elbrus İsayev akademik Zərifə Əliyevanın zəngin həyat yolundan bəhs edib. Natiq bildirib ki, müasir gənclimiyizə təkrarsız nümunə olan Zərifə xanım Əliyeva təkcə elmi fəaliyyəti ilə deyil, ictimai-siyasi həyatdakı fəal mövqeyi, eləcə də qayğıkeş insan, layiqli həyat yoldaşı və əsil azərbaycanlı anası kimi də tariximizə düşüb. Zərifə xanım fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və ziyalı üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun elmi, tibbi və pedaqoji fəaliyyəti, hər kəs üçün örnək olan yüksək mənəvi keyfiyyətləri haqqında çoxsaylı əsərlər yazılıb və yazılacaqdır. Rektor tədbirdə iştirak edən tələbə-gəncləri bu böyük şəxsiyyətin bənzərsiz həyat yoluna bir daha nəzər salmağa, ondan nümunə götürməyə səsləyib.

 

Naxçıvan Müəllimlər İnstitutunun Ümumi fənlər kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Asif Axundov akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş geniş məruzə ilə çıxış edib. Məruzəçi dünya şöhrətli alim-oftalmoloqun elmi, pedaqoji və ictimai fəaliyyətin haqda ətraflı məlumat verib.

 

Tədbirdə Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş filmə baxış olub.

 



26.04.2019 | 19:57