İsmayıllı rayonunun təhsil işçiləri idman yarışlarında fəallıq göstəriblər

Təhsil işçilərinin asudə vaxtlarının səmərəli keçirtməsi  məqsədilə İsmayıllı rayonunun  təhsil müəssisələrində çalışan müəllimləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönününə həsr olunan  şahmat, voleybol və tennis yarışlarının rayon birinciliyi təşkil edilib və qaliblər müəyyən olunub.

 

Yarışlarda rayonun 55-dən çox təhsil müəssisəsindən 110-dan  artıq  müəllim iştirak edib. Şahmat yarışında İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Cahangir Niftalıyev I , 5nömrəli məktəbin müəllimi Arif  Mirzəyev II,  Hacıhətəmli kənd tam orta məktəbin müəllimi Yadulla Abdullayev III yerləri tutub. Bu qədim intellektual idman yarışında qadın təhsil işçiləri də öz güclərini sınayıb. Belə ki, Hacıhətəmli kənd tam orta məktəbin müəllimi Pərinaz Əliyeva və Bizlan kənd ümumi orta məktəbin müəllimi Fəridə Rəşidli şahmat yarışında daha çox fərqlənib.

 

Gərgin keçən voleybol yarışında İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin müəllimləri  I , şəhər 3 nömrəli məktəb-liseyin müəllimləri  II, Diyallı və Hacıhətəmli kənd tam orta məktəbin kollektivləri III yerlərə layiq görülüb.

 

Tennis üzrə yarışda isə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin müəllimi Sənan Abdullayev I , şəhər 3 nömrəli məktəb-liseyin müəllimləri Balakişi Xudiyev və Vidadi Səmədov  II və III yerləri  tutublar.

 

Sonda qaliblər və yarışlarda fərqlənən təhsil işçiləri  İsmayıllı Rayon Təhsil Şöbəsi və ATİAHİ  İsmayıllı Rayon Komitəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

 



01.05.2019 | 21:35