Uğurlu biznesin rəhni

Rusiya sahibkarları arasında keçirilmiş sorğuya əsasən,  uğurlu  biznesin idarə edilməsi əhəmiyyətli dərəcədə  ali təhsildən keçir.  Rusiyanın "ResearchMe"  tədqiqat şirkəti  və "VK Business"-in birgə təşkil etdiyi sorğuya əsasən rəyi soruşulan ölkə  biznesmenlərinin 70 faizi ali təhsil haqqında diplomun  əhəmiyyətli olduğunu bildiriblər.  Respondentlərin 54%-dən çoxu  ali təhsilə malikdir, onlardan hər 3 nəfərdən birinin isə ali məktəbi bitirməsinə dair iki və daha çox diplomu var. Sorğuda iştirak edənlərin əksəriyyəti qeyd ediblər ki,  təhsil zamanı alınmış biliklər onlar üçün faydalı olub.


Həmçinin respondentlərin bir qismi əlavə ediblər ki,  onlar doğma ali məktəbdə  lazımi səriştə və bacarıqlardan əlavə  faydalı tanışlıq qurmağı da bacarıblar.  Rəyi soruşulanların 1/3-i  öz  gələcək biznes ortaqları, 1/4-i isə  biznesləri üçün investorlarla oxuduqları ali məktəbdə rastlaşdıqlarını qeyd ediblər.


Sorğu iştirakçılarının təxminən yarısı hesab edir ki,  gələcək sahibkara iqtisadi təhsil almaq faydalı olacaq. Hər üç  respondentdən biri marketoloq  və ya hüquq təhsili almağı, 29 faizi isə idarəetməni öyrənməyi tövsiyə edir.


Sahibkarların dörddə biri təhsillərini davam etdirir.  Xarici dil kursları, marketinq, proqramlaşdırma, psixologiya, həmçinin sahibkarlar üçün öyrədici proqramlar onlar arasında daha populyardır.  Sorğuda iştirak etmiş biznesmenlərin  26 faizi təhsilin onlara gərək olmadığını etiraf ediblər.
 

Sorğuda 2,6 mindən çox respondent iştirak edib.


Bir qədər əvvəl Rusiyanın  Sankt-Peterburq Dövlət Universiteti və Ümumrusiya Əmək Elmi Tədqiqat İnstitutunun birgə araşdırması  göstərib ki, rusiyalıların  43 faizi  sahibkar olmağa hazırdır.

 

Oruc MUSTAFAYEV



01.05.2019 | 15:02