“Söz xəzinəmiz -İmadəddin Nəsimi , böyük ədib – Mirzə Cəlil” yaradıcılıq müsabiqəsinə yekun vurulub

Naxçıvan Dövlət Universitetində “Söz xəzinəmiz -İmadəddin Nəsimi, böyük ədib – Mirzə Cəlil” adlı yaradıcılıq müsabiqəsinə yekun vurulub. Tələbələrin mükafatlandırılması mərasimində çıxış edən universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov Azərbaycan Respublikası Prezidentinin 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında imzaladığı sərəncamı diqqətə çatdırıb.  Prezident İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında”, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamlarını təkcə Mirzə Cəlilə deyil, bütünlükdə Azərbaycan ədəbiyyatına verilən dəyər kimi qiymətləndirilib. Prorektor tələbə-gəncləri təbrik edib, bundan sonrakı müsabiqələrdə daha fəal olmağa çağırıb.

 

Qeyd edək ki, müsabiqəyə 50-yə yaxın yaradıcı iş buraxılıb.   Dahi şair Nəsimiyə həsr olunan yaradıcılıq işində peşəkar münsiflərin rəyinə əsasən Təsviri incəsənət müəllimliyi ixtisası üzrə II kurs tələbəsi Leyla Bağırova müsabiqənin qalibi olub. Otelçilik ixtisası üzrə II kurs magistr Ülviyyə Əliyeva II, Müalicə işi üzrə Hazırlıq kursunun dinləyicisi Joseph Uwezele Okpamen III, Əczaçılıq üzrə Hazırlıq kursunun tələbəsi Azad Memitanlı, Dünya iqtisadiyyatı ixtisası üzrə Hazırlıq kursunun tələbəsi Richard Emeka həvəsləndirici yerlərə layiq görülüblər.

 

Mirzə Cəlil yaradıcılığı nümunələri dəyərləndirilərkən Təsviri incəsənət müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Fəxriyyə Qədimbəyli qalib seçilib. Həmin ixtisas üzrə III kurs tələbəsi Vüsal Nəsirli II, IV kurs tələbəsi Xədicə Kərimova III olublar. Tarix müəllimliyi ixtisası üzrə V kurs tələbəsi Günay Hüseynova, İqtisadiyyat ixtisası üzrə II kurs tələbəsi Hüseyn Qurbanov həvəsləndirici yerləri tutublar.

 

Qaliblər Naxçıvan Dövlət Universitetinin diplom və pul mükafatı ilə təltif olunublar.

 

 



06.05.2019 | 18:19