“Naxçıvan Muxtar Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri” kitabının təqdimatı keçirilib

AMEA Naxçıvan Bölməsində “Naxçıvan Muxtar Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri” kitabının təqdimatı olub.

 

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev ümummilli lider Heydər Əliyevin və ulu öndərin müdrik siyasətini davam etdirən Prezident İlham Əliyevin Azərbaycan təbiətinə göstərdiyi xüsusi diqqət və qayğıdan ətraflı danışıb.

 

Təqdimat mərasimində bölmənin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov “Naxçıvanın təbiət ərazilərinin qiymətləndirilməsinin elmi əsaslarına dair sanballı əsər”, institutun şöbə müdiri, professor Əliyar İbrahimov “Naxçıvan Muxtar Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri” kitabı haqqında bir neçə söz” və laboratoriya rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Sahib Hacıyev “Naxçıvan torpaqlarının öyrənilməsinə həsr olunan tədqiqat” mövzusunda məruzələrlə çıxış ediblər.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2019-cu il üçün nəşr planına əsasən çap edilən “Naxçıvan Muxtar Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri” kitabın məziyyətlərindən də bəhs olunaraq vurğulanıb ki, vəsait muxtar respublikanın xüsusi mühafizə olunan təbiət ərazilərini əhatə edir. Diqqətə çatdırılıb ki, kitabda ümummilli lider Heydər Əliyevin “Azərbaycan Respublikasının Şahbuz Dövlət Təbiət Qoruğunun və Ordubad Milli Parkının yaradılması haqqında” və Prezident İlham Əliyevin “Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Ordubad Milli Parkı haqqında” Sərəncamları, eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikasının “Arazboyu” Dövlət Təbiət Yasaqlığının yaradılması haqqında” Sərəncamı və “Naxçıvan Muxtar Respublikasının “Arpaçay” Dövlət Təbiət Yasaqlığının yaradılması haqqında” Fərmanı yer alıb. Nəşrdə həmin park, qoruq və yasaqlıqların sahəsi, yerləşdiyi ərazi, “Qırmızı kitab”a daxil olan fauna və flora növlərinin fotoşəkilləri də əks edilib.

 



07.05.2019 | 13:27