GDU-da beynəlxalq elmi konfrans keçirildi.

Gəncə Dövlət Universietində (GDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Konfransda 10-a yaxın ölkənin nüfuzlu universitetlərinin, qabaqcıl elmi-tədqiqat mərkəzlərinin görkəmli alimləri elmi məruzə ilə çıxış ediblər.

 

Əvvəlcə konfrans iştirakçıları Gəncə şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərə hörmət və ehtiramlarını bildiriblər.

 

Konfransda ümummilli lider Heydər Əliyevin zəngin və çoxşaxəli siyasi fəaliyyətindən bəhs edən film izlənilib.

 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov  ümummilli lider Heydər Əliyevin zəngin və çoxşaxəli siyasi fəaliyyətindən, xüsusən onun rəhbərliyi dövründə respublikamızda elm və təhsilin inkişafı istiqamətində görülmüş çoxsaylı işlərdən danışıb.

 

GDU-nun rektoru, professor Yusif Yusibov ümummilli Lider Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə istər Sovet hakimiyyəti illərində, istərsə də respublikamız müstəqillik qazandıqdan sonrakı illərdə ali təhsil müəssisələrində mütəxəssis hazırlığının, xüsusən də yüksək ixtisaslı pedaqoji kadrların hazırlığı istiqamətində görülmüş işlərdən danışıb.

 

Heydər Əliyevin 96 illik yubileyi münasibətilə  GDU-da keçirilən beynəlxalq konfransın sayca altıncı olduğunu deyən Yusif Yusibov qeyd edib ki, bir neçə ölkədən çoxsaylı xarici qonaqların  iştirakı onu göstərir ki, əvvəlki illərdə olduğu kimi bu il də  konfransa böyük diqqət var.

 

İki gün davam edən və beş istiqamətdə, on yeddi bölmədə fəaliyyət göstərən konfransın gedişində ayrı-ayrı bölmələrdə 600-dən çox elmi məruzələr dinlənilib.

 



07.05.2019 | 15:19