ADAU-da elmi-tədqiqat işlərinin yekunları müzakirə edilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan universitet əməkdaşlarının 2018-ci ilin elmi-tədqiqat işlərinin yekunlarına dair elmi-praktiki konfrans keçirilib.

 

Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, elmi-tədqiqat işlərinin nəticələri, onların istehsalata tətbiqinin əhəmiyyəti, dövlətimizin dəstəyi  ilə son illərdə yaradılan və ən müasir standartlara cavab verən laboratoriyaların, mərkəzlərin tədris prosesi ilə yanaşı, elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə və yüksək nəticələrin əldə olunmasına geniş imkanlar yaradır. İ.Cəfərov dövlətin aqrar təhsilə və elmə qayğısı nəticəsində görülən işlər sırasında uzun illər baxımsız vəziyyətdə qalan tədris-təcrübə təsərrüfatının tamamilə yenidən qurulmasından da danışıb. O, burada yaradılan bütün imkanların alimlərin, gənc tədqiqatçıların, magistrantların, habelə startapçı tələbələrin istifadəsi və onların innovativ layihələrinin icrası üçün tam açıq olduğunu vurğulayıb.

 

Rektor onu da bildirib ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində keçirilən sonuncu  kollegiya iclasında aprel ayı ərzində görülən işlərin hesabatı dinlənilib, konkret olaraq hər bir institutun və Aqrar Universitetin qarşısında vəzifələr qoyulub. Qeyd olunub ki, aparılan elmi-tədqiqat işləri nazirliyin sifarişlərinə uyğun olaraq aparılmalı, fermerlərin istəkləri nəzərə alınmalıdır.

 

Konfransın plenar iclasında professor Ziyad Abbasov “Dağətəyi əkin sahələrində torpaqqoruyucu texnologiyaların və texniki vasitələrin tətbiqi”, baş müəllim Niyaz Məmmədov “Kooperativlərin yaradılması və inkişafında subsidiyaların rolu”, baş müəllim Aytən Hüseynova “Bildirçinlərin salpinqo-peritonik xəstəliyində  müxtəlif baytarlıq preparatlarının səmərəliliyinin və məhsulların keyfiyyət göstərici­lərinə təsirinin öyrənilməsi” mövzuları üzrə məruzələr ediblər.

 

Sonra konfrans işini aqronomluq, aqrotexnologiya, baytarlıq təbabəti və zoomühəndislik, mühəndislik, aqrar iqtisadiyyat, aqrobiznes və idarəetmə bölmələri üzrə davam etdirib. 

 



07.05.2019 | 18:42