Azərbaycan müəllimlərinə fəal iştirak sertifikatı

Xəbər verildiyi kimi, Avropada elmin tədrisini təbliğ edən Scientix cəmiyyəti aprelin 22-28-də STEM Discovery Week-2019 tədbirlərini uğurla yekunlaşdırıb. Ölkəmiz  beynəlxalq SDW 2019 tədbirlərinə  “STEM Azərbaycanda” layhəsinin fəal üzvləri olan müəllimlər və onların şagirdlərinin təşkil etdikləri STEM dərsləri vasitəsilə qoşulub. Azərbaycan müəllimləri “Ən yaxşı STEM dərs planım” mövzusunda təşkil edilən fəaliyyətdə STEM yönümlü dərs planı və dərs prosesinin YouTube kanalında yerləşdirilmiş videosunu təqdim etməklə iştirak edib. Onlar öz təcrübələrini həmkarları ilə bölüşmək məqsədilə  STEM yönümlü dərslərindən götürülmüş şəkil və videolarını layihənin Facebook səhifəsində  də paylaşıblar.

 

“STEM Azərbaycanda” layihəsinin rəhbəri Aliyə Əhmədovanın məlumatına görə, qaydalara uyğun olaraq təqdim olunmuş işlər arasından Bakı, Sumqayıt, Gəncə, Siyəzən, Cəlilabad, Astara və Zəngilan məktəblərinin müəllimlərinin işləri fərqlənib. Onlara Brüssel mərkəzi tərəfindən fəal iştirak sertifikatı verilib.

 

Qeyd edək ki, SDW 2019 beynəlxalq tədbirlərində Avropanı əhatə edən 40 ölkədən 4700 məktəb iştirak edib.



13.05.2019 | 14:09