“Mən bir susmaz duyğuyam”

Naxçıvan Dövlət Universitetində (NDU) Cəfər Cabbarlının 120 illiyinə həsr olunmuş “Mən bir susmaz duyğuyam” adlı elmi-praktik konfrans keçirilib. NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin məlumatına görə, konfransı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 dekabr 2018-ci il tarixli “Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” Sərəncamını diqqətə çatdırıb. Hər il olduğu kimi bu il də görkəmli ədiblərin yubileylərinin dövlət səviyyəsində qeyd olunduğunu söyləyən rektor vurğulayıb ki, bütün bunlar Azərbaycanda sözə və söz sənətinə verilən dəyərin bariz göstəricisidir. Bildirilib ki, ədibin 120 illik yubileyinin keçirilməsi Cəfər Cabbarlı yaradıcılığına yenidən nəzər salmağa və yeni baxış bucağı altında araşdırmağa yol açacaq.

 

“Cəfər Cabbarlının yaradıcılıq yolu” adlı çıxışında filologiya üzrə elmlər doktoru, professor Hüseyn Həşimli diqqətə çatdırıb ki, Cəfər Cabbarlı poeziya, nəsr, dramaturgiya, ədəbi tənqid, publisistika, bədii tərcümə sahəsində məhsuldar və səmərəli fəaliyyət göstərib. Qeyd edilib ki, şairin hələ 12 yaşındaykən Bakıda Mirzə Cəlal Yusifzadənin redaktorluğu ilə çıxan “Həqiqəti-əfkar” qəzetinin 5 noyabr 1911-ci il tarixli 2-ci nömrəsində “Cəfər...Mətrud” imzası ilə “Şücaətim” adlı satirik və “Eşidənlərə” aid lirik şeirləri dərc edilib. Şairin milli ədəbiyyatın, dramaturgiyanın, teatr və kino sənətinin inkişafındakı müstəsna xidmətlərindən danışan professor vurğulayıb ki, dramaturgiyanın təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoyan Cəfər Cabbarlının əsərləri milli teatrda mühüm hadisə kimi dəyərləndirilib, uzun illər boyu tamaşaçıların bir neçə nəslinin estetik zövqünün formalaşmasında əvəzsiz rol oynayıb.

 

Filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəddin Eyvazov “Cəfər Cabbarlı yaradıcılığında satira və yumor” adlı çıxışında bildirib ki, o, cəmiyyətdə müşahidə etdiyi ən müxtəlif nöqsanları satirik, yaxud yumoristik üslubun rəngarəng bədii imkanları vasitəsilə ədəbi müstəviyə gətirib, sosial-mədəni tərəqqi üçün onların aradan qaldırılmasını vacib sayıb.

 

Sonda Tarix-filologiya fakültəsi tələbələrinin Cəfər Cabbarlının şeirlərindən ibarət bədii qiraəti dinlənilib.

 



14.05.2019 | 11:02