ADAU-nun rektoruna mükafat təqdim edilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor  İbrahim  Cəfərov daha bir mükafatla təltif edilib.

 

Təhsil müəssisəsinin mətbuat xidmətinin xəbərinə görə, “İslahatçı Gənclər” İctimai Birliyi İbrahim  Cəfərovu Azərbaycanda dövlət gənclər siyasətinin inkişafında xidmətlərinə  və tələbələrə göstərdiyi qayğıya görə Gənclərin Dostu Milli Mükafatına layiq görüldüyü üçün təltif edib.

 

Mükafatı “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı təqdim edib. Fərid Şahbazlı bildirib ki, ADAU sözün həqiqi mənasında nümunə göstərilməli təhsil müəssisəsidir: “Biz universitetdə gənclərə qayğını daim izləyirik. Bunlar bizi çox qürurlandırır. Paytaxtdan 360 kilometr uzaqda belə bir təhsil ocağının olması ancaq ölkəmizə başucalığı gətirir”.

 

Rektor İbrahim Cəfərov mükafatla əlaqədar minnətdarlıq edib və bildirib ki, Azərbaycan bu gün Ulu öndər Heydər Əliyevin siyasəti və Prezident İlham Əliyevin gücü  və siyasi iradəsi ilə dinamik inkişaf ömrü yaşayır. Təkcə son zamanlar 150-dən çox gənc müəllim işə götürülüb: “Uğurlarımız Prezidentin dəstəyi nəticəsində əldə edilib. Kənd təsərrüfatı nazirinin də qayğısını hər an  görürük. Biz daim gəncliyin, tələbənin yanındayıq”.

 



14.05.2019 | 12:24