“Ceyms Oldric və Azərbaycan”

Azərbaycan Dillər Universitetinin Filologiya və jurnalistika fakültəsi nəzdində Azərbaycan ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə professor Şahin Xəlillinin “Ceyms  Oldric və Azərbaycan” kitabı əsasında dəyirmi masa keçirilib.  

 

Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov tədbirin əhəmiyyətindən danışıb. O, professor Şahin Xəlillinin gördüyü elmi-ədəbi işin yüksək keyfiyyət daşıdığını bildirib, onun ədəbi əlaqələrin qurulmasındakı rolunu müsbət dəyərləndirib.

 

Professor Qəzənfər Paşayev deyib ki, Şahin Xəlillinin Azərbaycan-İngiltərə ədəbi əlaqələrinin qurulması sahəsindəki xidmətləri təqdirəlayiqdir. Natiqin sözlərinə görə, kitab bu sahədə mühüm əhəmiyyət daşıyır  və bundan sonra da ədəbi əlaqələrin qurulmasına yeni töhfələr  verəcək.

 

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla mövzunun aktuallığından danışaraq qeyd edib ki, nəşr tədqiqat və araşdırma baxımından faydalıdır.

 

Tədbirdə Şahin Xəlillinin məhz ədəbi əlaqələr baxımından mövzuya sistemli yanaşması onun işinin əsas fərqləndirici cəhəti kimi diqqətə çatdırılıb.

 

Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Dilbər Zeynalova Şahin Xəlillinin “Ceyms Oldric və Azərbaycan” mövzusundakı fəaliyyətinin istər ədəbiyyatşünaslıq, istərsə də folklor baxımından əhəmiyyətini yüksək qiymətləndirib.

 

ADU-nun Filologiya və jurnalistika fakültəsinin dekanı, professor Şahin Xəlilli Ceyms Oldric yaradıcılığı ətrafında fikirlərini bölüşüb, tədbirin təşkilinə görə universitet rəhbərliyinə təşəkkür edib.

 



15.05.2019 | 13:46