“Naxçıvan ədəbi mühiti müstəqillik illərində”

“Naxçıvan” Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Naxçıvan ədəbi mühiti müstəqillik illərində” mövzusunda elmi konfrans keçirilib.

Konfransı təhsil ocağının rektoru, professor İsmayıl Əliyev açaraq bildirib ki, Naxçıvan ədəbi mühiti Azərbaycan ədəbiyyatının ayrılmaz tərkib hissəsidir. Bu ədəbi mühit qədim dövrlərdən orta əsrlərə, yeni dövrdən müasir dövrə qədər həmişə Azərbaycan ədəbiyyatına parlaq ədəbi simalar, qiymətli əsərlər bəxş edib. Azərbaycanda dövlət müstəqilliyinin qazanılmasından sonra azərbaycançılıq məfkurəsi əsasında yazılmış əsərlərin meydanı genişlənib.

Konfransda filologiya üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi Hüseyn Həşimlinin “Azərbaycan Xalq Cümhuriyyəti  dövründə  naxçıvanlı ədiblərin fəaliyyəti”, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Yadigarın “Müstəqillik illərində Naxçıvan ədəbi mühiti”, “Azərbaycan dili və ədəbiyyat” kafedrasının müəllimi, dosent İman Cəfərovun “Azərbaycan ədəbiyyatşünaslığının Naxçıvan məktəbi müstəqillik illərində”, həmin kafedranın müdiri, dosent Nüşabə Məmmədovanın “Naxçıvan nəsri müstəqillik dövründə”, kafedranın müəllimi, dosent Aypaçra Behbudovanın “Müstəqillik illərində Naxçıvan ədəbi mühitində poeziya” mövzularında çıxışları dinlənilib. Bildirilib ki, ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan ədəbiyyatı yeni mərhələyə qədəm qoyub. “Azərbaycanın böyük mütəfəkkir və humanist şairlərinin təravətdən düşməyən misraları bu gün də öz hikmət və insanpərvərlik ruhu ilə dünyanı heyran qoyur”, -deyən ümummilli lider Heydər Əliyev həm klassik, həm də müasir ədəbiyyatımızın öyrənilməsi və təbliğini daim diqqət mərkəzində saxlamış, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin vətənimizdən uzaqlarda da tanınmasına nail olmuşdur. Ulu öndər klassik və müasir şairlərimizin yubileylərinin keçirilməsinə, onların əzəmətli heykəllərinin ucaldılmasına, əsərlərinin çap olunmasına, xarici dillərə tərcümə edilməsinə xüsusi diqqət və qayğı ilə yanaşmış, folkor nümunələrimizin nəşr olunması, xarici ölkələrdə tanıdılması baxımından mühüm qərarlar vermiş, fərman və sərəncamlar imzalamışdır. Müstəqillik illərində şair və yazıçılarımızın, incəsənət xadimlərimizin Prezident mükafatına, Prezidentin fərdi təqaüdünə layiq görülməsi də ulu öndərin sənət adamlarına göstərdiyi qayğının bariz nümunəsi idi.

 



10.04.2018 | 13:03