AMEA İqtisadiyyat İnstitutunun komandası qalib olub

Mayın 15-də AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı, İşlər İdarəsi və Azad Həmkarlar İttifaqının dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan AMEA-nın gənc alim və mütəxəssislərinin VI futbol çempionatının final oyunu və mükafatlandırma mərasimi keçirilib.

 

Qurumdan verilən məlumata görə, öncə çempionatın III yeri uğrunda mübarizə aparan AMEA Neft-Kimya Prosesləri və Fizika institutlarının komandaları qarşılaşıblar. Bu yarışmada 13:3 hesablı nəticə ilə Fizika İnstitutunun komandası qələbə qazanıb.

 

Sonra isə çempionatın əsas qalibini müəyyənləşdirmək üçün Geologiya və Geofizika İnstitutu ilə İqtisadiyyat İnstitutunun komandaları yarışıblar. İqtisadiyyat İnstitutunun komandası 4:3 hesabla çempionatın qalibi olub.

 

Akademiya Şəhərciyində baş tutan yarışdan sonra turnirin mükafatlandırma mərasimi olub. Mərasimdə AMEA-nın vitse-prezidentləri, akademiklər İbrahim QuliyevDilqəm Tağıyev, AMEA-nın akademik-katibi v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, İşlər İdarəsinin müdiri, professor Fətəli Abdullayev, Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanov iştirak ediblər.

 

Tədbirdə çıxış edən akademik Dilqəm Tağıyev Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb. O, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan çempionatın ənənəvi hal aldığını və artıq altıncı dəfədir keçirildiyini bildirib.

 

Sonra çıxış edən Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov  çempionat barədə məlumat verib. Bildirib ki, çempionatda akademiyanın müxtəlif institut və təşkilatlarından ümumilikdə 16 komanda iştirak edib və oyunlar AFFA-nın peşəkar hakim briqadası tərəfindən idarə olunub.

 

Daha sonra qaliblər mükafatlandırılıb.

 

Çempionatın qalibi adını qazanan AMEA-nın İqtisadiyyat İnstitutunun  komandasına qızıl medallar, ikinci yerin sahibi Geologiya və Geofizika İnstitutunun komandasına gümüş, üçüncü yeri tutmuş Fizika İnstitutunun komandasına isə bürünc medallar təqdim olunub.

 

Qalib komandaların üzvlərinə diplom və pul mükafatları da verilib.

 



15.05.2019 | 20:53