“BİR” tələbə-könüllülər beynəlxalq para cüdo yarışlarına dəstək olub

“BİR” tələbə-könüllülər “İBSA Judo Gran-Prix Baku 2019” beynəlxalq para cüdo yarışlarının təşkilinə dəstək olub.  

 

Tədbirdə iştirak etmək üçün 350-dən çox tələbə-könüllü müraciət edib. Xüsusi seçim və müsahibə mərhələsindən  keçən tələbə-könüllülər üçün təlim proqramı təşkil edilib.

 

40-a yaxın ölkənin təmsilçilərinin iştirak etdiyi beynəlxalq turnirə  xarici dil biliyinə malik “BİR” tələbə-könüllülər cəlb olunub.

 

Tələbə-könüllülər tamaşaçıların qarşılanması, yönləndirilməsi, xarici qonaqların və idmançıların müşayiət olunması, məlumatlandırılması, eləcə də mükafatlandırma mərasimi, tədbir məkanının təşkil olunması işlərində uğurla fəaliyyət göstəriblər. Təcrübəli “BİR” koordinatorlar tərəfindən beynəlxalq tədbirə təşkilati dəstək də verilib.

 

Yarışların sonunda “BİR” tələbə-könüllülərə təşəkkür edilib və xatirə şəkli çəkilib.

 

“BİR” tələbə-könüllülər mayın 16-dək yarış iştirakçılarının müşayiəti və ölkələrinə yola salınması ilə əlaqədar fəaliyyətlərini davam etdirəcəklər.

 

Beynəlxalq turnirə təşkilati və könüllü dəstək Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı tərəfindən verilib.

 

“Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 21 000-dən çox tələbə-könüllü üzvə malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 450-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. “BİR” könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.

 



15.05.2019 | 17:45