AMEA Naxçıvan Bölməsində “Heydərbabaya salam” müzakirə edilib

AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondu bölmənin Mərkəzi Elmi Kitabxanası ilə birgə oxunması zəruri olan kitablar siyahısına daxil olan Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasının müzakirəsini keçirib.

 

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsinin məlumatına görə, tədbirdə Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Məhəmmədhüseyn Şəhriyarın yaradıcılıq irsindən, ustad şairin ölməz əsərlərinin Azərbaycan və Yaxın Şərq ədəbiyyatındakı yeri və mövqeyindən bəhs edib. Qeyd edib ki, əsərlərini həm fars, həm ana dilində, həm də klassik üslubda qələmə alan Şəhriyar hələ sağlığında klassiklər səviyyəsinə ucalıb. Şairin müxtəlif mövzulu əsərlərinin bir çoxunda vətənin şanlı tarixi, millilik, milli dəyərlər üstünlük təşkil edir.

 

Diqqətə çatdırılıb ki, ustad şairin diqqət çəkən əsərlərindən biri də Azərbaycan ədəbiyyatının ən poetik nümunəsi olan “Heydərbabaya salam” poemasıdır. Əsərdə xalqın tarixi taleyi, milli-mənəvi dəyərlər, adət-ənənələr, ayin və mərasimlər, təbiət hadisələri böyük ustalıqla poetik dillə tərənnüm edib.

 

Vurğulanıb ki, “Heydərbabaya salam” poeması əhəmiyyətinə və aktuallığına görə bu gün də Azərbaycan ədəbiyyatının dəyərli nümunəsi hesab edilir. Elə bu səbəbdəndir ki, Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı oxunması zəruri olan kitablar haqqındakı sərəncamda xüsusi yer tutur.

 

Daha sonra bölmənin Mərkəzi Elmi Kitabxanasının direktoru Sahab Əliyeva və Əlyazmalar Fondunun kiçik elmi işçisi Kubra Vəliyeva mövzu ətrafında çıxış ediblər. Qeyd olunub ki, Məhəmmədhüseyn Şəhriyar dərin məzmunlu əsərlərində bəşəri-humanist qənaətlərini, ictimai varlıq, real və ideal aləm, insan taleyi, şəxsiyyət və zaman kimi fəlsəfi mahiyyət daşıyan problemləri təhlil edib, bədii sözün imkanları çərçivəsində məharətlə oxucuya çatdırıb.

 



16.05.2019 | 11:22