İsveç nümayəndə heyəti ADAU-da olub

Azərbaycan Dövlət  Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov İsveç Kənd Təsərrüfatı Elmləri Universitetinin nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətində İPBES (Biomüxtəliflik və Ekosistem Xidmətləri üzrə Hökumətlərarası Elmi-Siyasət Platforması), gənc Ekosistem Xidmətləri üzrə mütəxəssislər (YESS) şəbəkəsinin üzvü Anna Filyuşkina, tədqiqatçı, Heyvanların qidalanma və menecment Departamentindən Martin Knicky və Layihə administratoru Hallvard Vie təmsil olunub.

 

Qəbul zamanı rektor İbrahim Cəfərov təhsil müəssisəsi haqqında ətraflı məlumat verib. Bildirib ki, hazırda tələbələrin 10 faizi rus dilində təhsil alır. 5 ixtisasda ingilis dilli qrupları var. Qalan tələbələr isə Azərbaycan dilində təhsilə yiyələnirlər. Dövlət aqrar sahəyə və aqrar təhsilə xüsusi qayğı göstərir.  Qonaqlar ümid etdiklərini bildiriblər ki, bu səfər genişmiqyaslı əməkdaşlığın başlanğıcı ola bilər. Qonaqlar onu da nəzərə çatdırıblar ki, Avropa Birliyinin proqramları çərçivəsində əməkdaşlıq daha effektli olar: “Biz tədqiqatçıların, müəllim və tələbələrin mübadiləsini edə bilərik.  Avqust ayının sonunda tədqiqatla bağlı böyük bir tədbirimiz olacaq. İstərdik sizdən də nümayəndələr olsun. Beləcə, əməkdaşlığın ilk addımını atmış olarıq. Heyvandarlıq və torpaqşünaslıq sahələrində biz çox əhəmiyyətli əməkdaşlıq edə bilərik. Burda tədqiqatçıların düzgün seçilməsi başlıca şərtdir.  Eyni zamanda qida təhlükəsizliyi istiqamətində də əməkdaşlıq edə bilərik. Avropa İttifaqının Şərq tərəfdaşlığı çərçivəsində müxtəlif iqlim şəraitli layihələrin gerçəkləşməsində əməkdaşlıq üçün seçdiyimiz 6 universitetdən biri də sizin universitetdir. Hesab edirik bu cür başlayıb sonra əməkdaşlığı daha geniş miqyasda davam etdirməliyik”.

 

Qəbuldan sonra qonaqlar heyvandarlıq kompleksi, quşçuluq və balıq yetişdirmə təsərrüfatları, torpaqşünaslıq laboratoriyası və digər sahələrlə tanış olublar.

 



16.05.2019 | 15:57