AzMİU-da Nəsiminin 650 illik yubileyi qeyd olunub

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Əcnəbi dillər kafedrasının təşkilatçılığı ilə xalqımızın çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan tədbir keçirilib.

 

Tədbir Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin "Nəsimi ili” elan olunması haqqında imzaladığı 15 noyabr 2018-ci il tarixli sərəncama əsasən keçirilib. Tədbirdə universitetin rektoru, memarlıq doktoru, professor, əməkdar memar Gülçöhrə Məmmədova, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının professoru Mahmud Allahmanlı Nəsiminin mənəvi-əxlaqi məzmun daşıyan, insanı kamilliyə səsləyən, pis əməllərdən çəkindirən qəzəllərindən söhbət açıb. Natiq qeyd edib ki, şair bu qəzəllərində öz lirik qəhrəmanının dili ilə insanın kainatdakı bütün canlılardan üstün olduğu, buna görə də tanrı dərəcəsinə qalxa bildiyi fikrini irəli sürüb: ""Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyi keçiriləndə əsasən bu sualları vurğuladılar: "Biz kimik, hardan gəlmişik, hardayıq və hara gedirik?” Tarixi keçmişimiz, möhtəşəm abidələrimiz, sənətkarlarımız bizə bunun  bütün tərəflərini hiss etdirir. Nəsimi bizim keçmişimizdir, qürur mənbəyimizdir. Biz öz keçmişimizlə fəxr edirik”. Nəsiminin yaşadığı dövrün son dərəcə mürəkkəb, ictimai-siyasi ziddiyyətlərin kəskinləşdiyi bir zaman olduğunu vurğulayan professorun fikrincə,  onun kimi böyük söz adamları təsadüfi meydana gəlməyib. Nəsimi öz iradəsi ilə bütövlükdə ədəbiyyatımıza böyük ərməğanlar verib və  düşüncə gətirib: "Nəsimi Azərbaycan xalqının və düşüncəsinin yaddaşına yalnız poeziya sənətinin görkəmli sənətkarı kimi deyil, eyni zamanda insanlığın, şəxsiyyətin mükəmməl bir nümunəsini yaratmış şəxsiyyət kimi həkk olunub. Bu baxımdan Nəsiminin yaradıcılığı və şəxsiyyəti əvəzsizdir, örnəkdir. Nəsimi türk xalqlarının qürur duyacağı bir sənətkardır”.

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun əməkdaşı Aybəniz Osmanova Nəsiminin insanların qəlbini, onların mənəvi dünyasını ilahi ustalıqla tərənnüm edən şair olduğunu söyləyib: "Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. Qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində Nəsimi ədəbi irsi xüsusi mərhələ təşkil edir. O, bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirib. İnsana məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm edən şairimizin poeziyası dünya poeziyasının ən kamil nümunələri sırasındadır”.

 

AMEA-nın Elm Tarixi İnstitutunun elmi katibi Zaur Əliyev isə Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən qüdrətli sənətkar Nəsiminin zəngin irsindən danışıb, şairin dünya ədəbiyyatı və fəlsəfi fikrində oynadığı rolu diqqətə çatdırıb:

 

"Nəsimi bütün Şərq ölkələrində tanınan şair idi. Onun şeirləri dildən-dilə gəzirdi. Nəsimi təkcə şair yox, həm də böyük bir filosof idi. "Məndə sığar iki cahan, mən bu cahana sığmazam” qəzəlinə çoxsaylı yozumlar verirlər. Şeirin mənasını araşdırmaq üçün bir neçə mütəxəssislə məsləhətləşdim. Məlumata görə, dünya iki simdən ibarətdir. Əgər iki sim bir yerdə eyni vaxtda kəşf olunsa, bütün kainatın sirrini, Allahla insan arasındakı ünsiyyətin yolunu tapa bilərik. Nəsiminin "Məndə sığar iki cahan” qəzəli bir çox ölkə alimləri tərəfindən tədqiq edilir. Xarici tədqiqatçılar Nəsimi haqqında kifayət qədər materiallar hazırlayıblar”.

 

AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova bildirib ki, bu gün Azərbaycan tarixi, mədəniyyəti və incəsənətinə böyük dəyər verilir, tədbirlər və yubileylər keçirilir: “Biz öz zəngin və çoxşaxəli mədəniyyətimizi, tariximizi, incəsənət nümunələrimizi bir inci kimi qoruyuruq, onu dünyaya tanıdırıq”.

 

Tədbirdə şairin qəzəllərindən ibarət kompozisiyalar, eləcə də "Nəsimi” filmindən səhnələr nümayiş olunub, "Nəsimi” kantatası səsləndirilib. Tələbələrin təqdimatında nümayiş olunan bədii hissə tədbir iştirakçıları tərəfindən böyük anşlaqla qarşılanıb.



16.05.2019 | 17:57