Alim olmaq asandır, ya insan?

Min illərdir ki, atalar sözünə çevrilmiş “Alim olmaq asandır, insan olmaq çətin” məsəli bu gün nə öz dəyərini, nə də aktuallığını itirmir. Qəribədir ki, buna bənzər misallar dünyanın bütün xalqlarında vardır. Görünən odur ki, bu atalar sözü elə-belə yaranmayıb. O da hamıya bəllidir ki, insan olmaq çətindir. Bu atalar sözü ilə bağlı Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Səlahəddin Xəlilov yazır: “Amma bir şey unudulur ki, bu atalar sözündə “insan” anlayışı “hər adam” mənasında deyil, “kamil insan” mənasında işlədilir. Və əslində bu iki fikri birləşdirərək belə demək daha dəqiq olardı: Alim olmaq çətindir, kamil insan olmaq isə ondan da çətindir”; çünki onun əlavə şərtləri də var. Bura ilk növbədə yüksək mənəviyyat aiddir ki, buraya da alicənablıq, fədakarlıq, qorxmazlıq, ləyaqət və s. onlarca insani keyfiyyət daxildir və bunların heç biri “alimlik” anlayışında ehtiva olunmur”. Daha maraqlısı odur ki, hər bir yerdə bu məsəlin  tərsinin özünü doğrultmasını - “İnsan olmağın daha asan olmasını” istəyirlər. Nədənsə bu sehrli “daş” əsrlərdir ki, quyunun dibindədir.

 

Son dövrlərdə cəmiyyətimizdə gənclər arasında baş alıb gedən xoşagəlməz halların: intihar, narkomaniya, qeyri-ənənəvi dinlərin təsirinə düşmək və başqa xoşagəlməz hadisələr hamını narahat edir. Müəllim-şagird-tələbə münasibətlərində gərginliklər hələ də qalır. Bir çox hallarda  yeniyetmələri nə evdə, nə də məktəbdə anlamaq istəyirlər, onlar isə suallarına cavabı onlara doğma olmayan “başqa yerlərdə” axtarmalı olurlar. Belə misallar yüzlərcədir. Sadəcə, bunların çoxunu eşidib eşitməzliyə, ya da görüb görməzliyə vururuq özümüzü, birtəhər yola veririk.  Bu hadisələrlə bağlı maraqlı, cəfəngiyat xarakterli açıqlamaların sayı isə hadisələrin sayından qat-qat çox və qorxuncdur. Bir-birindən fərqli, daha çox hallarda isə bir-birinə zidd olan bu fikirləri çətinliklə olsa da dinlədikdən, bir xeyli də düşündükdən sonra yeganə çıxış yolu kimi  səbir və təmkinlə bu atalar məsəlinə  müraciət etməli oluruq. Daha sonra istər-istəməz belə bir sual doğur, bəs, görəsən, belə halların çoxalmasının başlıca səbəbi haradadır, nədədir?

 

Bu sualların cavabı bir olsa da, güman min yerə qaçır. Fikirlərimiz  dünyanı dörd dolansa da, sonunda ən güman və şübhə yeri kimi  yenə də məktəbin, təhsilin üstünə qayıdırıq. Böyük şairimiz  Hüseyn Cavid yazırdı ki, "Bir millətin tərəqqi və tədənnisini bilmək üçün millətin məktəblərini, daha doğrusu, ibtidai məktəblərini görmək kifayət edər”. Məktəb, təhsil hər kəsin, millətin taleyində öz naxışını mütləq həkk edir.  Bütün xalqlar məktəbə, təhsilə  ümidlə baxırlar. Bu baxımdan ulu öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” amalı  müstəqilliyimizin  ilk illərindən Azərbaycan cəmiyyətini inkişaf və tərəqqiyə səsləyən bir qüvvəyə çevrildi. Milli təhsil quruculuğunun konsepsiya və strategiyasının hazırlanmasında bir təməl oldu.  

 

Hamıya o da bəllidir ki, məktəbdə əsas sima müəllimdir. Müəllimdən çox şey umsaq və küssək də, hər zaman nəticələr, istəklərimiz reallıqlara uyğun gəlmir. Yüzlərlə müəllimin gözü qarşısında böyüyənlərin bəziləri ağlasığmaz addımlar atırlar. Bu məsələdə düzdür ki, məktəb, müəllim günahın çox hissəsini elə ilk andan öz üzərinə götürür, ancaq tam da qəbul etmir, kimlərinsə də məsuliyyətinin olduğunu vurğulayırlar. Şübhəsiz ki, müəllimlər də haqlıdırlar, bu məsələdə cəmiyyət və dövlət  birliyi həlledici, təlim-tərbiyə prosesinin tamlığı  ilə bağlı fikirlər və əməllər bir-birinə arxa-dayaq olmalıdır. Ancaq təcrübə göstərir ki, hər zaman belə olmur, nəticədə hamı kimi müəllimlərə də təəssüflənmək qalır.

 

Digər tərəfdən bu məsələləri incələsək, görərik ki, təlim-tərbiyə prosesinin tamlığında, onun təşkili və idarə olunmasında həlledici mövqedə dayanan bir sıra məsələlərə münasibət pedaqogika elminin özündə hələ də birmənalı, tam aydınlaşdırılmayıb. Onlardan biri də ümumilikdə “təlim” və “tərbiyə” məsələlərinin bir-birinə münasibətidir.

 

Uzun illərdir ki, pedaqogika elmində “tərbiyə” və ya  “təlimin”  hansının daha önəmli olması, ya da bunlardan hansının daha əvvəl yarandığı geniş müzakirə obyektinə çevrilib. Pedaqogika sahəsində tanınmış alimlərdən  bəziləri “tərbiyə” və  “təlim”in  pedaqoji prosesin qoşa qanadının olmasını, bəziləri isə bunların ayrı-ayrı sahələri əhatə etdiyini, bəziləri də bunlardan birinin sadəcə digərinin alt komponentlərdən biri olduğunu söyləyirlər.

 

Azərbaycanın görkəmli alimi, etnopedaqoqu, professor Əliheydər Həşimov yazır ki, “Tərbiyənin tarixi insan cəmiyyətinin tarixi qədər qədimdir”. Alim-pedaqoqların əksəriyyəti  pedaqogikanı tərbiyə haqqında elm hesab edir, eyni zamanda onun təlim nəzəriyyəsi və tərbiyə nəzəriyyəsindən ibarət olduğunu qeyd edirlər. Bir çoxları da tərbiyəni geniş mənada iki yerə bölərək onu təşkil olunan (məktəblərdə) və təşkil olunmayan (məktəbdənkənar, sinifdənxaric) hissələrə bölürlər.

 

 

Məktəblərdə pedaqoji prosesin təşkili məqsədilə tədris və tərbiyə işləri üzrə  müavinlər var, əsas diqqət isə tədrisədir, tədrislə bağlı vəzifə maaşı da daha üstündür. Təhsilalanların hamısının məktəbin ictimai həyatındakı mədəni-kütləvi işlərdə iştirakı da vacib deyil, bu, könüllülük prinsipidir, onsuz da təhsilalanların nailiyyətləri yalnız biliklərinə görə qiymətləndirilir. Ali məktəblərə qəbula hazırlaşan şagirdlərimiz isə sonuncu siniflərdə müəyyən fənlərdən təkcə “bilik” göstərmək məqsədilə “robota” çevrilirlər... Bizim üçün həyatda önəmli olan insanları biliklərinə görə deyil, sağlam əqidəsinə, etibarına.., “tərbiyə”sinə görə seçirik. Övladlarımız ailə qurmaq istəyəndə birinci məsləhət və istəyimiz o olur ki, kim olur-olsun, təkcə “tərbiyəli ailə”dən olsun.

 

“Tərbiyəsiz”lərdən isə bütün ömrümüz boyu qaçıb canımızı qurtara bilmirik...

 

Azərbaycanın böyük filosofu, astronomu, dövlət və din xadimi, tərbiyə nəzəriyyəçisi Nəsirəddin Tusi tərbiyəni insanın insanlıq haqqı qazanmasını təmin edən əsas əməl, tərbiyə ilə insanlığı vahid nemət hesab edirdi. Müasir pedaqogika elminin banisi, didaktikanın əsasını qoymuş böyük Çex pedaqoqu Yan Amos  Komenski də tərbiyə məsələlərinə böyük dəyər verib. Bununla bağlı o, “Böyük didaktika” əsərinin əxlaqi tərbiyənin üsuluna həsr edilmiş  23-cü fəslini belə başlayır: “Bütün bu vaxta qədər danışılanlar əxlaq və möminlik kimi başlıca şeyə nisbətən o qədər də əhəmiyyətli deyildir. Bəs əsl iş nədən ibarət olacaqdır? Əsl iş bizi yüksək dərəcədə nəcib, qüdrətli və alicənab edən müdrikliyi öyrənməkdən ibarət olmalıdır. Bu, məhz yuxarıda əxlaq və möminlik dediyimiz şeydir; ancaq bunların sayəsində biz həqiqətən Allahın özünə daha yaxın-yüksək məxluq oluruq”.

 

Məktəb, təlim-tərbiyə məsələlərinə xüsusi diqqət yetirən, Azərbaycanın ictimai-siyasi fikir tarixinə görkəmli dövlət xadimi kimi daxil olmuş Nəriman Nərimanov yazırdı: “Məktəbin ən başlıca məqsədi gərək tərbiyə olsun, yəni oxumağa, yazmağa çox da diqqət etməyib uşağın ruh və əxlaqına, mənəviyyatına ziyadə diqqət etmək lazımdır... Təlim gərək tərbiyəyə bağlı olsun”.

 

Pedaqogika elminin görkəmli simalarından olan professor  İzrail  Şvars yazırdı: “İndiki dövrdə tərbiyədən “geniş və dar” mənada istifadə edirlər. Geniş mənada tərbiyə-şəxsiyyətin formalaşmasının tam prosesi,... nə vaxt deyirlər  “həyat tərbiyə edir”, sözün dar mənasında isə şəxsiyyətin inkişafının idarə olunması ilə bağlı xüsusi təşkil olunmuş prosesdir. O, müəllimin qarşılıqlı təsirindən keçir”.

 

Professor Zahid Qaralov bu məsələ ilə bağlı “Tərbiyə” adlı əsərində yazır: “Cəmiyyətdə belə bir fikir geniş yayılıb: “Əvvəlcə tərbiyə, sonra təlim”. Bu fikir tərbiyənin insan üçün son dərəcə vacibliyinin sübutu olsa da, təlimin tərbiyəedici funksiyasının inkarıdır. Ona görə də bu fikri şüara çevirmək düzgün olmaz. Təlim və tərbiyənin bir-biri üçün həm səbəb, həm də nəticə olması məlumdur və təlim-tərbiyənin vahidlik prinsipi çoxdan təsdiq edilmişdir. Bununla belə, həmin fikri uşağın sistemli təhsilə başlayacağı vaxta qədərki dövr üçün məqbul saymaq, ona əməl etmək vacibdir”.

 

Ə.Paşayev, F.Rüstəmov, Y.Kərimov, F.Sadıqov və başqaları təlimin tərbiyəedici funksiyasının olduğunu nəzərə alaraq, təlim prosesində tərbiyə işinin də aparıldığını vurğulayırlar. Görkəmli alimlərimiz Y.Talıbov, Ə.Ağayev, A.Eminov və İ.İsayevin birgə müəllifliyi ilə yazılmış “Pedaqogika” (tədris vəsaiti) adlı əsərdə isə “Tərbiyə təlim prosesinin hüdudlarını aşaraq, daha geniş sahəni əhatə edir” kimi qeyd edirlər.

 

Respublikamız ikinci dəfə müstəqilliyini bərpa etdikdən sonra  təhsilimizin hüquqi-normativ bazasının gücləndirilməsi, demokratikləşməsi, humaniştləşdirilməsi, məzmunca və keyfiyyətcə yeniləşdirilməsi və maddi-texniki təminatı istiqamətində atılan uğurlu və ardıcıl  addımlar davam etdirilir. İndi təhsilimiz ilk növbədə Avropa və dünya məkanına inteqrasiya olunması, yeni təhsil modellərinin tədris prosesinə gətirilməsi ilə diqqəti cəlb edir. Bu modellərin əsasını dünya təcrübəsi, təhsilin dinamik inkişafı və birdəfəlik təhsildən fasiləsiz təhsil prinsipinə keçid ideyaları təşkil edir. Ənənəvi təhsil formaları yeni təhsil modellərinə inteqrasiya olunur və vahid təhsil məkanının yaranmasına-qloballaşmaya, informasiyalı cəmiyyətin yaranmasına geniş imkanlar açılır. Təhsildə aparılan islahatlarda Avropaya meyillilik daha çox özünü büruzə verir, Avropa ölkələrinin təhsil modellərinə üstünlük verilir. Biz də bu yolu seçmişik. Dünyanın bir çox ölkələrində bu məsələlərin həyata keçirilməsi işində bir sıra beynəlxalq təşkilatlar: Avropa Təhsil Fondu, Avropa Təhsil Şurası, elmi və texniki tədqiqatların dəstəklənməsi üçün Avropa kooperasiyası, Avropa elm fondu, Evrika fondu, NATO-nun elm proqramı, Ali təhsil sahəsində Avropa kooperasiyası, Beynəlxalq elmi-texniki mərkəz, İqtisadiyyat sahəsində təhsil və tədqiqatlar konsorsiumu və s. fəallıq göstərir, maddi və mənəvi dəstək verirlər.

 

Sadəcə, bu işdə  maraqlı fakt odur ki, bir sıra Avropa alimlərinin özləri Avropa təhsil modellərinin tamlığını qəbul etmirlər. Bu modellərin əsas çatışmayan cəhəti kimi onun insan yönümlü deyil, daha çox iqtisadi yönümlü olmasını qeyd edirlər. Fransa Milli Məclisinin sədr müavini, Milli Təhsil Komissiyasının üzvü və senatoru olmuş Roger Garaudy “Mədəniyyətlər dialoqu” əsərində yazır: “Qərb bir qəzadır. İnsanlığın gələcəyini yenidən inşa edərkən bu ilk təməl gerçəkliyini, yəni Qərbin bir qəza olması reallığını ağlımızdan çıxarmamağımız gərəkdir... İndiki Qərb cəmiyyətlərimizin adlandırdıqları “inkişaf”, çox dar birtərəfli, sırf iqtisadiyyata dayanan kriteriyalara görə tərif edilir... İnkişafın bu tərifi, iqtisadi inkişafın sosial həyatın bütün tərəflərinin  dəyərləndirilməsinin tək ölçüsü olması postulatına dayanır. Üstəlik, bu böyümə hər cür insani düşüncəni rədd edərək sadəcə miqdar baxımından maraqlıdır, yəni texnologiyalar istər dağıdıcı, istər zülmedici olsa da, sırf sosial yönümlü kimi tərif edilir”.

 

ABŞ-ın görkəmli təhsil nəzəriyyəçisi Hovard Qardner yazır: “İnsanların bir-birini başa düşməsi səviyyəsinin yüksəldilməsi baxımından nə olursa-olsun təhsil öz məxsusi təsdiqini tapmalıdır. Bütün elmlərin əsas obyekti insan olmalıdır”.  Müasir dövrdə təhsil sistemi insanlarda daha önəmli olan bir sıra dəyərləri formalaşdırmaqla yanaşı, həm də onlarda bu dəyərləri qorumaq üçün bir məsuliyyət hissi də formalaşdırmalıdır.

 

Sovet hökumətini nə geri qaytarmaq, nə də tərifləmək fikrindəyəm. Sadəcə, orta məktəbdə oxuduğum illərdə gördüklərimin, yadımda qalanların bəzilərini xatırlamaq istəyirəm. Oxuduğumuz dövrdə əxlaqla bağlı qiymət yazırdılar. Sinif jurnalının arxasında “davranış dəftəri” deyilən bir dəftər var idi. Lazım gəldikdə müəllimlər sinifdə oxuyan uşaqların mənfi və müsbət cəhətləri barədə qeydlər aparırdılar. Qeydləri əsasən uşaqlara qarşı daha diqqətli, qayğıkeş, həssas, uzaqgörən, hadisələri qabaqlama bacarığı olan  müəllimlər edərdi. Bu qeydlərin hər birinin böyük tərbiyələndirici gücü var idi. Kimliyindən asılı olmayaraq, bu qeydlər hər kəsi yaxşı və pis mənada silkələyir, özünü bir daha toparlamağa məcbur edirdi. Məsələ əsas etibarı ilə ictimai xarakter alırdı, nəticə etibarı ilə hər kəsdə eyni bir məlumat formalaşırdı: müsbət, orta, ya da mənfi.  “Qısası, təhsilin ən önəmli özəlliklərindən biri də davranışı dəyişdirmə prosesi və onun məqsədyönlü həyata keçirilməsidir”.

 

Bir məsələni də xatırlamaq istəyirəm. Orta məktəbdə  ingilis dili müəllimi olmuş Vəli Bilalovun mənim barəmdə davranış dəftərinə yazdığı xoş fikirləri unutmamışam, hər an yada düşəndə onun haqqında çox gözəl fikirlər ağlıma gəlir, ona Uca tanrıdan rəhmət diləyirəm. Onun fikirləri mənə məktəbdə mənəvi ruh, qol-qanad verirdi. Sonrakı illərdə, müəllimlik təcrübəmdə onun mənə göstərdiyi bu əsl müəllimlik qayğısını hər hansı bir yolla başqalarına göstərməyi  özümə mənəvi borc bildim.

 

İstər işə düzələndən, istərsə də kənar təşkilatlara işi düşən hər kəsdən xasiyyətnamə tələb edirdilər. Bu xasiyyətnamələr əksər hallarda səmimi, pedaqoji dildə və üslubda yazılmaqla, şəxs haqqında müəyyən təsəvvür formalaşdırırdı. Bütün bunlarla yanaşı, məktəb ictimai təşkilatları sistemli və ardıcıl iş aparırdılar. Heç kəsin diqqətdən yayınma şansı yox idi. Hər bir şagird haqqında formalaşan ictimai fikir isə tam reallığa uyğun gəlirdi.

 

İndi də təhsil müəssisələrimizdə bu istiqamətdə sistemli işlər aparılır. Müasir təlim metodları və yeni pedaqoji texnologiyaların təlim-tərbiyə prosesinə tətbiqi uğurla davam etdirilir. Ancaq ümumilikdə hiss olunur ki, təhsil müəssisələrində təlim-tərbiyə mədəniyyəti yetərli deyil, tərbiyənin qanunauyğunluqları və qanunları  reallıqla uzlaşmır. Bəzən təhsil müəssisələri tərbiyə vəzifələrini, lazım olduğu kimi yerinə yetirə bilmir. Əksər hallarda uşağa ailənin, məktəbin, müəllimlərin təsiri fərqli olur. Pedaqoji təsirlərlə sosial təsirlər arasında uyğunsuzluq sürətlə böyüyür. Eyni zamanda, bunlar pedaqoji prosesin nəticələrini özündə birləşdirən bəzi rəsmi dövlət sənədlərində də öz əksini tapmayıb, tərbiyə məsələlərinə xüsusi yer verilməyib, əsas məqsəd biliklərə daha səylə yiyələnməyə yönəldilib.

 

Publisist Mixail Katkov və onun dostlarının vəsaiti hesabına 13 yanvar 1868-ci ildə Nikolay Çesaraviç adına Moskva liseyi (indiki Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası) açılır. Bu liseydə təhsil alanların nailiyyətləri aşağıdakı kriteriyalara: 1)Dərslərə hazırlığın keyfiyyətinə; 2)Dərs zamanı diqqətli olmağa; 3)Yazılı tapşırıqların xarici görkəminə; 4)Keçilən materialların mənimsənilməsinin möhkəmliyinə; 5)Bilklərin düzgün tətbiq etmə bacarığına; 6)Davranışa, əxlaqına; 7)Neçə dəfə dərsdə olmadığına; 8)Müəllim  tərəfindən yazılan qeydlərin (iradların) sayına və səbəbinə görə qiymətləndirilirdi.

 

Göründüyü kimi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsinin belə bir sistemdə biliklərin mənimsənilməsi ilə yanaşı, həm də əxlaq tərbiyəsinin formalaşmasına da xüsusi yer verilib, bir neçə kriteriyanın qiymətləndirilməsində ayrıca nəzərə alınıb.

 

Hakim ideologiyanın tələblərinə uyğun olaraq 15  may 1920-ci ildə  Azərbaycan İnqilab Komitəsinin “Vicdan azadlığı haqqında” dekretinə əsasən, din dövlətdən ayrılır. İslam dininin ənənələrinə və din adamlarına qarşı xüsusi təqib kampaniyası başlanır, ən layiqli din xadimləri aradan götürülür. Tərbiyə prosesində millilik, din, etnik köklər, milli psixologiya, genetika kimi amillər qəbul olunmur.  İlahiyyat elminin tərbiyənin ana xətti olduğunu sübut edən min illərin təcrübəsi məhv edilir. İnsanlar daldada bir cür, ictimai yerlərdə isə başqa cür hərəkət edirdilər. Cəmiyyətdə mənəvi tərbiyə sahəsində bir boşluq yaranır. Bu, özünü daha çox Böyük Vətən müharibəsi illərində büruzə verir. Müharibənin ən çətin dövründə ağıllı dövlət xadimlərinin təklifinə əsasən ,1943-cü ildə Rus kilsəsi, Orta Asiya müsəlmanları İdarəsi,1946-cı ildə isə Zaqafqaziya Müsəlmanları İdarəsi yaradılır, dini fəaliyyətlə  bağlı  bəzi məhdudiyyətlər  aradan qaldırılır.

 

Bu gün tərbiyə prosesinin təşkilatçılarının peşə  səriştəliliyini  də yetərli hesab etmək olmaz. Bu sahədə çalışan adamların seçilməsi və xüsusi hazırlığına diqqətlə yanaşılmalı, bu işdə beynəlxalq təcrübədən öncə milli tərbiyə sisteminin formalaşdığı dəyərlərə önəm vermək lazımdır. Tərbiyə işinin əsas məqsəd və vəzifələri, icra metodları elmə əsaslanmalı, təhsilin bütün pillələrində milli dəyərlərin üstünlüyü hesabına sistemli və ardıcıl olaraq  təkmilləşməlidir. Tərbiyə olunanlar erkən yaşdan sosiallaşmalı, ictimaiyyətə adaptasiyası əsas məqsəd olmalıdır. Bu sahədə çalışanların pedaqoji ustalığı, tərbiyəçiyə xas olan fərdi xüsusiyyətləri, işə yaradıcı yanaşma və konkret pedaqoji situasiyalarda tərbiyə vəzifələrinin optimal həlli yollarını düzgün tapmaq kimi və s. keyfiyyətləri də olmalıdır.

 

Tərbiyənin keyfiyyəti haqqında yeni anlayışların, məktəbdə keyfiyyətin idarə olunması sisteminin təkmilləşdirilməsi və təhsil xidmətlərinin effektivliyinin dəyərləndirilməsi kimi bir sıra məsələlər də maraq doğurur.

 

Bu gün qloballaşan dünyada tərbiyə prosesinin sistemli, məqsədyönlü tamlığına, humanistləşməsinə, bütün tərbiyəvi təsirlərin inteqrasiya olunmasına hər yerdə olduğu kimi, respublikamızda da böyük ehtiyac var. Bunlardan bəzilərini qeyd etmək olar:

 

1. Təlim-tərbiyə münasibətlərinə aydınlıq gətirilməli, tərbiyə prosesinin məzmunu, metodları və təşkilinə verilən əsas tələblər zamana uyğunlaşmalı, tərbiyə prosesinin reallaşması yollarına yönəldilməlidir.

 

2.  Dərinləşən qloballaşmanın mənəvi dünyamıza təsirinə-xüsusən kütləvi informasiya vasitələri, telekanallar və internetə qarşı bir süzgəc olmalıdır. Milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması ilə bağlı sistemli işlər görülməlidir.

 

3.  Milli-mənəvi dəyərlərimiz, islam əxlaqının gözəl qayəsi, tolerantlıq kimi məsələlərin erkən yaşlardan təbliği və təşviqi təmin olunmalı, bu məsələlər təhsilin  pillə və səviyyələrinin yeni proqramlarında  müəyyən mənada öz əksini mütləq tapmalıdır.

 

4. Məktəb və cəmiyyət tərbiyə laboratoriyasına çevrilməli, hər bir təhsilalanın etik-əxlaqi norma və dəyərlərinin inkişaf dinamikası nəzarətdə olmalı, onun sosiallaşmasına və  cəmiyyətin layiqli üzvü olmasına yönəlməlidir.

 

5.  Təhsilalanların nailiyyətlərinin dəyərləndirilməsində əxlaq tərbiyəsi mütləq nəzərə alınmalı, qiymətləndirilməli və bu, bütün tərbiyə konsepsiyaları və qaydalarında öz əksini tapmalıdır. Hər bir təhsilalanın əxlaqı ilə bağlı məlumatlar onların valideynlərinə, məktəb kollektivinə bəlli olmalı və ictimailəşməlidir.

 

6. Məktəb ictimai təşkilatlarının tərbiyə işinin əhatəsi geniş və hər bir təhsilalan üçün cəlbedici olmalıdır. Dövlət və cəmiyyət tərəfindən milli-mənəvi dəyərlərimizin təbliği və təşviqi, sosialyönümlü layihələri həyata keçirən ictimai təşkilatların fəaliyyəti rəğbətləndirilməlidir.

 

7. Sinifdənxaric, məktəbdənkənar tərbiyə işləri təhsilin bütün pillələrində gücləndirilməli və əlaqələri genişləndirilməli, başlıca məqsədi tərbiyə alanların sosiallaşması olmalıdır.

 

8. Tərbiyə işi ilə məşğul olanların-tərbiyəçilərin, təşkilatçıların, sosial pedaqoqların, psixoloqların və b. hazırlıq proqramlarına yenidən baxılmalı, onlardan daha çox özünü təcrübədə doğrultmuş variantlarına üstünlük vermək lazımdır.

 

 

Vidadi ORUCOV,

Lənkəran Dövlət Universiteti Humanitar fənlər kafedrasının professoru, pedaqoji elmlər doktoru



18.05.2019 | 10:41