Bakı Ali Neft Məktəbi və EY arasında razılaşma imzalandı

Bakı Ali Neft Məktəbi (BANM) və EY şirkəti arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb. Tədbirdə BANM-ın rektoru Elmar Qasımov, EY şirkətinin Azərbaycan üzrə İdarəedici Partnyoru İlqar Vəliyev və onun rəhbərlik etdiyi nümayəndə heyəti, Ali Məktəbin tələbələri və əməkdaşları iştirak ediblər.

 

Ali Məktəbin rektoru Elmar Qasımov EY-ın Azərbaycanda audit, vergi, əməliyyatların müşayiət edilməsi və məsləhət xidmətlərinin göstərilməsi üzrə böyük imicə malik olduğunu və BANM-la EY arasında yaranmış əməkdaşlığı yüksək qiymətləndirdiyini bildirib. Rektor qeyd edib ki, Ali Məktəb EY şirkəti ilə iki istiqamətdə əməkdaşlıq edəcək. Bunlardan biri Ali Məktəbin tələbələrinin şirkətin dayanıqlı inkişaf mövzusunda olan təlimlərinə cəlb edilməsi, digər istiqamət isə EY tərəfindən BANM-ın Dayanıqlı inkişaf üzrə  hesabatının hazırlanmasından ibarətdir.

 

EY şirkətinin Azərbaycan üzrə İdarəedici Partnyoru İlqar Vəliyev BANM-la əməkdaşlıq etməkdən məmnun olduğunu və tələbələrin EY tərəfindən təşkil olunan təlimlərə böyük maraq göstərmələrindən sevindiyini bildirib.

 

Tədbirdə EY-ın iqlim dəyişikliyi və dayanıqlı inkişaf üzrə xidmətlərin təcrübə rəhbəri Günel Fərəcovanın Ali Məktəbin 4-cü və 5-ci kurs tələbələrinə  keçdiyi  İqlim dəyişikliyi və Dayanıqlı İnkişaf üzrə üçgünlük seminarın sertifikatları sahiblərinə təqdim edilib.

 

Daha sonra Elmar Qasımov və İlqar Vəliyev iki müəssisə arasında bağlanan əməkdaşlıq haqqında razılaşmaya imza atıblar.

 

İmzalama mərasimindən sonra EY-ın kadrlar şöbəsinin direktor müavini Samirə Şabanova və baş mütəxəssis Vusalə Həsənova tələbələrə EY şirkəti və onun karyera proqramı haqqında ətraflı məlumat verib, onlara CV yazma, effektiv müsahibə üsulları haqqında təqdimat ediblər.

 

Sonda tələbələr EY şirkətinin əməkdaşlarına onları maraqlandıran suallar ünvanlayıblar.



10.04.2018 | 15:30