Naxçıvan Dövlət Universitetində məzun günü

Naxçıvan Dövlət Universitetində məzun gününə həsr olunmuş təntənəli mərasim keçirilib. NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin məlumatına görə, tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov məzun adı qazanan magistr və tələbələri, onların üzərində böyük əməyi olan valideynləri və müəllimləri  təbrik edib, məzunlara gələcək fəaliyyətlərində NDU-nun adını daim uca tutmağı və müstəqil ölkəmizin tərəqqisinə layiqli töhfələr verməyi arzulayıb. Rektor Azərbaycanda elm və təhsilin inkişafından, muxtar respublikada kadr potensialının gücləndirilməsinə göstərilən dövlət qayğısından danışıb. Qeyd olunub ki, bir çox beynəlxalq layihələrdə uğurla iştirak edən, əməkdaşlıq əlaqələri ildən-ilə güclənən universitetin timsalında müasir ali təhsil müəssisəsi modeli yaradılıb. Rektor universitetin 2018-2019-cu tədris ilindəkı nailiyyətlərindən bəhs edərək bildirib ki, bu il bakalavriat üzrə 1435,  magistratura üzrə isə  149 gənc öz ali təhsilini başa vurur.

 

Sonra məzun adını qazanmış bir qrup tələbə çıxış edib, tələbə yoldaşlarını bu əlamətdar gün münasibətilə təbrik ediblər.

 

Tələbə Teatr Studiyasının yallı və rəqs qrupunun ifası tamaşaçılarda xoş əhvar-ruhiyyə yaradıb. Muxtar respublikada qonaq olan Əməkdar artist İlqar Muradov da məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb.

 

Tədbir İncəsənət fakültəsinin Xalq çalğı alətləri kafedrasının “Buta” instrumental ansamblının müşayiət etdiyi  konsert proqramıyla davam edib. Bir-birindən maraqlı mahnı və rəqslər tədbiri daha rəngarəng edib.

 

Sonda məzun tələbələrlə xatirə şəkli çəkdirilib.

 



17.05.2019 | 16:11