LDU-da Həmid Araslının 110 illik yubileyi qeyd edilib

Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan ədəbiyyatşünaslıq elminin banilərindən biri, görkəmli tədqiqatçı alim, əməkdar elm xadimi, filologiya elmləri doktoru,  akademik Həmid Araslının anadan olmasının 110 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib.

 

Seminarı giriş sözü ilə universitetin sosial məsələlər üzrə prorektoru, filologiya elmləri namizədi, dosent Kamran Kazımov açıb. Akademik Həmid Araslının ədəbiyyatşünaslıq elmimizin inkişafındakı böyük rolundan söz açan Kamran Kazımov Prezident İlham Əliyevin  bu dəyərli alim haqqında fikirlərini seminar iştirakçıları ilə bölüşüb: “Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı sahəsində xüsusi mövqeyə malik nüfuzlu mütəxəssis və dərin erudisiyalı alim kimi geniş şöhrət qazanan akademik Həmid Araslı çoxsaylı araşdırmaları ilə respublikada ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr vermişdir”.

 

Universitetin  Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi  kafedrasının dosenti, filologiya elmləri namizədi, dosent Mirhüseyn Abbas akademik Həmid Araslının  həyat və yaradıcılığı barədə geniş məruzə edib. Sözügedən kafedranın baş müəllimləri-filologiya üzrə fəlsəfə doktorları Qədim Rufullayev “Həmid Araslı və folklor”, Könül Dənziyeva “Həmid Araslının elmi irsi” mövzularında çıxış ediblər. Məruzə və çıxışlarda görkəmli ədəbiyyatşünas alimin həyat və yaradıcılıq yolu ətraflı təhlil edilib, pedaqoq və tədqiqatçı kimi çoxşaxəli fəaliyyətindən geniş bəhs edilib.



17.05.2019 | 17:54