Havar Məmmədov Gürcüstan Texniki Universitetinin fəxri doktoru adına layiq görülüb

Müasir elmi biliklərə yiyələnmiş akademik heyət və innovativ maddi-texniki bazaya sahib olan Bakı Mühəndislik Universiteti (BMU) əməkdaşlıq üçün xarici universitetlərin diqqətini cəlb edir. BMU dünyanın bir sıra qabaqcıl universitetləri ilə uğurlu əməkdaşlıq edir. Bu günlərdə universitetlə əməkdaşlığa Gürcüstan Texniki Universiteti (GTU)  də qoşulub.

 

BMU-nun rektoru, professor Havar Məmmədov GTU rəhbərliyinin dəvəti ilə Gürcüstanda olub. Rektor H.Məmmədov səfər zamanı Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov ilə birlikdə Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət edib.

 

Sonra əməkdaşlıq müqaviləsi imzalanması məqsədilə geniş tədbir keçirilib. GTU rektoru Arçil Pranqişvili çıxışında bildirib ki, bu gün Gürcüstan ilə Azərbaycan arasında münasibətlər digər sahələrlə yanaşı elm və təhsil sahəsində də uğurla inkişaf edir. Rektor rəhbərlik etdiyi universitetin BMU ilə əməkdaşlığının genişlənməsində maraqlı olduğunu vurğulayıb və bildirib ki, imzalanan memorandum əlaqələrin inkişafında mühüm rol oynayacaq.

 

Professor H. Məmmədov çıxışında Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətlərinin tarixinə nəzər salıb.  Azərbaycanın hər zaman dost gürcü xalqının yanında olduğunu, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dostluq siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bu gün də ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini xüsusi qeyd edib. Professor Azərbaycanda təhsilin inkişafı, bu sahəyə göstərilən dövlət qayğısı, BMU-nun fəaliyyəti, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib və GTU ilə əməkdaşlığın perspektivlərini yüksək qiymətləndirib.

 

Rəsmi çıxışlardan sonra rektorlar əməkdaşlıq memorandumu imzalayıblar. Memoranduma əsasən iki universitet arasında kadr hazırlığı, müəllim və tələbə mübadiləsi, birgə elmi konfrans və dəyirmi masaların təşkili, elmi tədqiqatların aparılması və s. kimi məsələlər nəzərdə tutulur.

 

Daha sonra A.Pranqişvili tədbir iştirakçılarını GTU Elmi Şurasının qərarı ilə tanış edib. Bildirib ki, Elmi Şuranın qərarı ilə texnika elmləri doktoru, professor H.Məmmədov GTU-nun fəxri doktoru adına layiq görülüb. H. Məmmədov bu fəxri ada uzun müddət apardığı elmi araşdırmaların uğurlu nəticələrinə, dünya elminə, eləcə də Azərbaycan və Gürcüstan universitetləri arasında əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə layiq görülüb.

 

Tədbirdən sonra professor H.Məmmədov GTU-nun maddi-texniki bazası ilə tanış olub, universitetdə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Azərbaycanlı tələbələrin qayğıları ilə maraqlanan rektor onlara tövsiyələrini də verib.


 



20.05.2019 | 18:12