Rektor qalib tələbələrlə görüşüb

Gəncədə fəaliyyət göstərən universitetlər üzrə keçirilən "Gəncə-Startap günləri-2019" başa çatıb.

 

"ASAN İNNOLAND", Startap Azərbaycan, Azərbaycan Beynəlxalq Bankı, SİNAM şirkətlərinin təşkilatçılığı ilə Aqrar Universitetdə keçirilən "Startap günləri" çərçivəsində Gəncə Dövlət Universitetinin tələbələrinin təqdim etdiyi “DiaDondurma” – diyetik (şəkərsiz) dondurma  layihəsi yarışmanın qalibi olub.

 

Bu münasibətlə Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov layihənin qalibləri ilə görüşüb.

 

Görüşdə universitetin Elm və innovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə, İnnovasiyalar Departamentinin rəhbəri Vasif Həsənov, biologiya-kimya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev də iştirak edib.

 

Qeyd edilib ki son dövrlər ölkəmizin bir çox yerində olduğu kimi Gəncə Dövlət Universitetində də innovasiya və startap mövzularına xüsusi diqqət ayrılır və bu sahənin inkişafı üçün mütəmadi olaraq təlimlər, seminarlar və yarışmalar təşkil olunur. Bu diqqətin nəticəsidir ki, yarışda iştirak edən Gəncə Dövlət Universitetinin biologiya-kimya fakültəsinin tələbələrindən ibarət startap komandası müasir dövürdə ən geniş yayılmış xəstəliklərdən olan şəkərli diabetdən əziyyət çəkən xəstələr üçün“DiaDondurma” – diyetik (şəkərsiz) dondurma  layihəsini təqdim edib və layihə I yerə layiq görülüb.

 

Rektor Yusif Yusibov bu münasibətlə tələbələri təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb. Bildirilib ki, Gəncə Dövlət Universitetində tələbələrin həm təhsilinə, həm də elmi tədqiqatla məşğul olmasına böyük diqqət ayrılıb. Rektor gənclərin bu istiqamətdəki faəliyyətinin genişləndirilməsinin və daha çox tələbənin innovativ yaradıcılığa sövq edilməsinin zəruriliyini qeyd edib.

 



22.05.2019 | 13:25