AzMİU-da beynəlxalq elmi konfrans öz işinə başlayıb

Mayın 23-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Şaxələndirilmiş iqtisadiyyatın infrastruktur təminatı: əsas meyllər və inkişaf istiqamətləri”  mövzusunda Beynəlxalq elmi konfrans öz işinə başlayıb.        Universitetin Xidmət sahələrinin iqtisadiyyatı və menecment kafedrasının təşkilatçılığı ilə gerşəkləşdirilən konfransda beynəlxalq qurumların ölkəmizdə fəaliyyət göstərən nümayəndəliklərindən, dünyanın müxtəlif ölkələrinin universitetlərindən (Türkiyə, Rusiya, İran, Qazaxıstan, Özbəkistan),  o cümlədən, ölkəmizdə fəaliyyət göstərən aparıcı ali təhsil müəssisələrindən, elmi-tədqiqat institutlarından,  elmi mərkəzlərdən və müxtəlif təşkilatlardan nümayəndələr, görkəmli alimlər iştirak ediblər.

 

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova mövzunun aktuallığına diqqət çəkib və ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sürətli inkişaf strategiyasından danışıb.  Rektor milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində iqtisadiyyatımızın şaxələndirilməsi ilə bağlı müəyyən olunmuş vəzifələrin uğurla yerinə yetirilməsi və müvafiq yönümlərdə infrastruktur təminatının keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsinin nəzərdə tutulduğunu bildirib.

 

Konfrans plenar iclasda öz işini davam etdirib. İclasda Milli Məclisin iqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Rusiya Federasiyası İdarəeetmə, Biznes və Hüquq Universitetinin (Cənub Universitetinin)  rektoru, professor İmran Ələkbərov geniş məruzələrlə çıxış ediblər.

 

Mayın 24-də başa çatacaq konfransda 6 bölmədə 140-dan çox məruzə dinləniləcək.

 



23.05.2019 | 17:39