Ümumi təhsil qanunu: uzun illərin həsrəti

Əvvəli:  https://muallim.edu.az/news.php?id=5525 

 

Qlobal təhsil ilə yaxından maraqlanan mütəxəssislərə yaxşı məlumdur ki, Avropa İttifaqının əlaqədar qurumları, bir çox ölkələr yaxın 15-20 ildə qlobal dünyanın informasiya, ekoloji, texnoloji, iqtisadi və s. məkanlarında, xüsusilə də, koqnitiv sahədə baş verəcək inqilabi proseslərin proqnozlaşdırılması və qarşıya çıxacaq problemlərin həlli yollarının müəyyənləşdirilməsinə, bununla əlaqədar ümumi və universitet təhsilinin yeni mühitə hazırlığının təmin edilməsinə çox böyük diqqət yetirirlər. XX əsrin sonundan başlayaraq xüsusi proqramlar işlənilib həyata keçirilir, onların müntəzəm inkişafı daim diqqət mərkəzində saxlanılır.

 

Əsas məqsəd insan həyatının gözlənilən sürətli dəyişikliklərə uyğunlaşdırılmasından, uşaq və  gənclərin müstəqil həyatda xoşbəxt yaşaması və uğur qazanması üçün ən optimal təhsil modellərinin tətbiqindən, onlarda zəruri səriştələrin formalaşdırılmasından ibarətdir. Bəli, bu gün ən mühüm təhsil problemlərindən biri yeni dövrün tələblərinə cavab verən səriştələr sisteminin hazırlanıb həyata keçirilməsidir. 

 

Əlavə şərh vermədən hörmətli oxucularımıza səriştələrin aşılanması və inkişafına yönələn

 

 

bir sıra mənbələr

 

 

barədə məlumat vermək istərdim:

 

* 1996-cı il, Avropa Şurasının tövsiyələri - “Avropa üçün açar səriştələr” (“Key competencies for Europe”);    

          

* 2006-cı il, Avropa Parlamenti və Avropa Şurasının tövsiyələri - “Ömürboyu təhsil almaq üçün səriştələr - istinad olunan çərçivə” (“The Reference Framework of Key Competences for Lifelong Learning”, Recommendations approved by the European Parliament and the Council);

 

* 2018-ci il, Sinqapur Texnologiya İnstitutunun reklamı - “VUCA dünyası üçün ömürboyu öyrənmə” (“Lifelong Learning for a VUCA World”); 

 

* 2018-ci il, ABŞ Nyu-Hempşir Universitetinin təqdimatı - “VUCA dünyasında təhsil”   (“Education in a VUCA World”); 

 

*  2018-ci il, Rusiya, “Ali İqtisad Məktəbi” universitetinin Təhsil İnstitutunun məruzəsi - “Açar səriştələr və yeni savadlılıq: bəyannamələrdən reallığa doğru” (“Klyuçevıye kompetensii i novaya qramotnost: ot deklarasii k realnosti”).

 

 

İki şərh

 

 

1. Əvvəlcə Yer kürəsini yaxın gələcəkdə bürüyəcək və doğma Azərbaycandan da yan keçməyəcək VUCA dünyası barədə. Bu akronim Volatility (qeyri-stabillik), Uncertainty (qeyri-müəyyənlik), Complexity (mürəkkəblik) və Ambiguity (qeyri-adilik) sözlərinin baş hərflərindən formalaşdırılmışdır. Diqqət yetirin: 15-20 ildən sonra VUCA dünyasının qeyri-stabil, qeyri-müəyyən, mürəkkəb və qeyri-adi mühitində insanların uğurlu yaşamasını təmin etmək məqsədilə qlobal təhsil məkanında bu günün şagird və tələbələri üçün yeni təhsil modellərinin işlənib hazırlanması üzrə əməli tədbirlər həyata keçirilir!

 

2. Tanınmış beynəlxalq mütəxəssislərlə birlikdə Rusiyada hazırlanmış və əsl innovasiya mahiyyəti daşıyan məruzə aşağıdakı konsepsiyaya əsaslanır: yaxın onillikdə yeni tipli əməyə keçidlə əlaqədar ayrı-ayrı ixtisaslar üzrə bilik-bacarıqlar artıq öz əhəmiyyətini itirəcək və onların yerini “XXI əsrin ümumi səriştələri” - koqnitiv, sosial-emosional və rəqəmsal səriştələr tutacaq.

 

Qeyd edək ki, Azərbaycan Prezidenti tərəfindən 2013-cü ildə təsdiq olunmuş

 

 

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”

 

 

ölkəmizin təhsilində əhəmiyyətli dərəcədə köklü dəyişikliklər üçün geniş yol açmışdır. Xüsusilə də “Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması” üçün. Əlbəttə, mətbuat səhifələrində, televiziya və radioda, Təhsil Nazirliyinin keçirdiyi yığıncaqlarda daim “səriştə, səriştəlilik, səriştə əsaslı təhsil” və buna uyğun ifadələrə tez-tez rast gəlinir. Danılmaz faktdır ki, son zamanlar səriştə əsaslı təhsil sahəsində müəyyən canlanma müşahidə olunur. Bununla yanaşı, nə qədər acı olsa da, böyük təəssüf hissi ilə qeyd etməliyəm ki, biz hələ də əsasən sovetlər dövründən miras qalmış təhsilin təkmilləşdirilməsi ilə məşğuluq. Belə rəyin söylənilməsinə 2 sənədli əsasım var:

 

* “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”nın layihəsi; 

 

* “Ümumi təhsil haqqında” Qanunun layihəsi.

 

Yuxarıdakı başlığa uyğun olaraq, bu məqalədə hazırlanan qanun layihəsində

 

 

səriştə əsaslı təhsilin qanunvericilik bazası

 

 

haqqında danışacağıq. İlk növbədə təəccübümüzü bildirək: “Səriştə” termininə qanunun “Əsas anlayışlar”  maddəsində yer tapılmayıb!  Məlumat üçün: Təhsil Strategiyasında “səriştə” ifadəsi 22 dəfə səsləndirildiyi halda qanun layihəsində bu anlayışdan cəmi 2 dəfə istifadə olunmuşdur: 

 

 

“Maddə 4. Ümumi təhsil sahəsində dövlətin vəzifələri

 

 

... 4.0.3. Ümumi təhsilə dair normativ-hüquqi aktlar qəbul etmək, bu sahənin inkişafı üzrə səriştələrə əsaslanan, nəticəyönlü dövlət təhsil standartlarını ... təsdiq etmək və icrasına nəzarəti həyata keçirmək;

 

 

Maddə 12. Ümumi təhsil müəssisəsi

 

 

... 12.3. Ümumi təhsil müəssisəsi bu Qanunla müəyyən olunmuş ümumi təhsil sahəsi üzrə məqsədlərin əlçatan, səriştələrin inkişafı və fasiləsiz təhsili həyata keçirir”.     

                              

Sözsüz ki, hər iki dəfə “səriştə” ifadəsi yerli-yerində istifadə olunmuşdur. Bir şərtlə ki, 12.3. maddəsi ciddi redaktə olunaraq Azərbaycan dilində yazılsın və “fasiləsiz təhsil” ifadəsi icbari 9 illik təhsilə aid edilsin. Ümumtəhsil məktəbi fasiləsiz təhsilin bir mərhələsini həyata keçirir, şagirdləri fasiləsiz təhsil almağa hazırlaşdırır, onlara öyrənməyi öyrənmək səriştələrini aşılayır. 11 illik təhsil isə icbari xarakter daşımır.

 

Hörmətli opponentlərin rəyini əvvəlcədən təxmin edərək bildirim ki, Qanun layihəsində 8 dəfə “bacarıq”, 6 dəfə “bilik və bacarıq”, 9 dəfə “bilik, bacarıq və vərdiş” - cəmi 23 belə ifadə işlənilmişdir.

 

 

Və - nə?..

 

 

Bu fikirdə israrlıyam ki, konseptual baxımdan sovetlərdən miras qalmış yuxarıda göstərilən yanaşma ümumi təhsilimizi nəinki irəliyə aparmayacaq, əksinə, onun inkişafını xeyli ləngidəcək! Əminliklə deyirəm: “Ümumi təhsil haqqında” Qanun məhz şəxsiyyətyönlü və səriştə əsaslı ümumi təhsilin bərqərar olmasına xidmət etməlidir!

 

Əvvəlcə 2000-ci ilin avqustunda Təhsil Nazirliyinə təqdim etdiyim “Təhsilin keyfiyyətinə nəzarətin, monitorinq və qiymətləndirmənin təşkili və tətbiqinin bəzi konseptual məsələləri” sənədinə istinad edim. Həmin sənədin 5A. “Təhsilalanların kompetensiyaları” bölməsindən:  

 

“5.1. Kompetensiya (səriştəlilik) təlim vasitəsi ilə əldə olunan və bilik, bacarıq, dəyər və meyillərə, habelə təcrübəyə əsaslanan ümumi qabiliyyətdir... Kompetensiyanı nə biliklərə, nə də bacarıqlara aid etmək düzgün olmazdı. Bacarıq fəaliyyətə daha yaxşı hazırlığın, yaxud spesifik şəraitdə fəaliyyət göstərmə imkanlarının təzahürüdür. Kompetensiya isə fəaliyyətin səciyyəvi xüsusiyyətlərinin təsviridir...

 

5.2. ... bu gün pedaqoji prosesin təşkilinə yanaşma tərzi kökündən dəyişmiş, bu sahədə ciddi dönuş yaranmışdır... Tədris planının formalaşdırılmasında və tədris proqramlarının məzmununun müəyyənləşdirilməsində kompetensiyaların əsas amil kimi qəbul edilməsi... ən aktual problemlərdən biridir”.

 

 

Haşiyə. 2000-ci ildə düşünürdüm ki, “kompetensiya” termini sənədin məqsədlərinə tam cavab verir. Dövlət Təhsil Strategiyasını hazırladığımız dövrdə dilçi mütəxəssislərlə məsləhətləşdik və Azərbaycan dili üçün “səriştə” termininin daha münasib olduğu qənaətinə gəldik. 2011-ci ildən başlayaraq həmişə “səriştə” terminindən istifadə edirəm. Əfsuslar olsun ki, müxtəlif yazı və çıxışlarda “kompetensiya” və “səriştə” ifadələrinə  fərqli məna daşıyan anlayışlar kimi yanaşılır. 

 

 

Bir daha və çox qısa

 

 

1) səriştə və 2) bilik-bacarıq-vərdişlər haqqında. İlk növbədə xüsusi vurğulamaq istərdim ki, həmin anlayışlar bir-birini inkar etmir və bir-birinə qarşı çıxmır. Bununla belə, birincisi daha geniş məna daşıyır. 

 

Sözsüz ki, səriştə əsaslı təhsil haqqında daha ətraflı danışılmalıdır, lakin bu, başqa söhbətin mövzusudur. Məqaləmin məqsədi “Ümumi təhsil haqqında” Qanunun məhz “səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil” strategiyasına cavab verən formatda hazırlanmasının vacibliyini müvafiq qurumlara çatdırmaqdır. Əminliklə deyirəm: Dövlət Təhsil Strategiyasında əks olunmuş bu konseptual yanaşma  Qanunun bir çox maddələrində açıqlanmalı, onun “qırmızı xətt”ini təşkil etməlidir.

 

Əvvəlki məqaləmdə (“Azərbaycan müəllimi”, 19.04. 2019) qeyd etdiyim kimi, “Ümumi təhsil haqqında” Qanunun layihəsinə dair 100-dən artıq rəy və təklifim var. İki məqalədə onların yalnız ikisinə şərh verə bildim, halbuki prinsipial mahiyyət daşıyan 10-dan çox digər problem də var: ümumi təhsilin minimal standartları (maddə 5), təhsil proqramları (maddə 9), məzmuna verilən ümumi tələblər (maddə 10),  ümumi təhsilin təşkili (maddə 13), ümumi təhsil müəssisəsinin idarə olunması (maddə 20), pedaqoji fəaliyyətlə məşğul olma (maddə 27), sahibkarlıq və innovasiva fəaliyyəti (maddə 31) və s. 

 

 

Yekun əvəzi

 

 

Bir vacib qanunvericilik məsələsinə xüsusi toxunmaq istərdim. 2009-cu ildə dəfələrlə deyilirdi ki, “Təhsil haqqında” Qanun çərçivə qanunudur və sonradan təhsil səviyyələri üzrə sahə qanunları da qəbul olunacaq. O vaxt “525-ci qəzet”də (21.02. 2009) dərc etdirdiyim “İstəklərimizə çatacağıqmı?” məqaləsindən bir parça:  “Belə düşünürəm ki, çərçivə xarakteri daşıyan qanun mətninin qısaldılması və burada ilk növbədə mahiyyətcə bütövlükdə təhsil sisteminə aid olan ümumi məsələlərin verilməsi daha düzgün olardı. Əks halda sahə qanunları hazırlanarkən, çox güman ki, çərçivə qanununun 70-80 faizi onların hər birinə daxil ediləcək”.

 

Qüvvədə olan “Təhsil haqqında” Qanunun və müzakirə etdiyimiz “Ümumi təhsil haqqında” Qanun layihəsinin fəsil və maddələrini müqayisə etdim: cüzi redaktə xarakterli düzəlişləri çıxmaqla (“Təhsil” sözündən əvvəl “Ümumi” sözünün yazılması, bəzi maddələrin bir fəsildən digərinə keçirilməsi, onların adlarının birləşdirilməsi və s.), demək olar ki, yeni layihə əsasən qüvvədə olan qanun müddəalarının ümumi təhsilə adaptasiya olunmuş təkrarıdır. Belə olduğu halda “Ümumi təhsil haqqında” Qanuna nə lüzum? Uyğunlaşdırmanı müvafiq hüquqi normativ sənədlərdə də asanlıqla həyata keçirmək olardı.

 

Doğrusu, nə qədər çalışsam da, internet mənbələrindən çərçivə qanununun sahə qanunundan konseptual fərqi barədə tutarlı məlumat əldə edə bilmədim. Yaxşı olardı ki, mütəxəssislər tərəfindən mətbuatda, yaxud Milli Məclisin saytında bu barədə bir açıqlama veriləydi.

 

Bundan asılı olmayaraq, qəti əminəm ki, “Ümumi təhsil haqqında” Qanunun layihəsi yenidən işlənilməlidir! İlk növbədə isə onun konseptual əsasları müəyyənləşdirilməlidir!

 

 

Asif CAHANGİROV,

Əməkdar müəllim



25.05.2019 | 11:53