Şagirdlərin əl işlərindən ibarət sərgi-satış yarmarkası

Bakıdakı Heydər Əliyev adına lisey artıq 6 ildir ki, eTwinning icmasının üzvüdür. Bu müddət ərzində icra olunan layihələr həm milli, həm də Avropa keyfiyyət nişanlarına layiq görülüb. Qeyd edək ki, bu göstəricilərə görə lisey daha bir uğura imza ataraq 2019-cu ildə “eTwinning school” “ eTwinning məktəb” mükafatı alıb. Bunun nəticəsində liseyin direktoru Sevinc Orucova İrlandiyanın Dublin şəhərində keçirilən konfransda iştirak edib.  Konfrans müddətində bir çox Avropa ölkələrinin təhsil müəssisələrinin rəhbərləri ilə də görüşən S.Orucova yeni əməkdaşlıqların növbəti mərhələsinin əsasını qoyub.

 

Liseyin “e Twinnig” çərçivəsində həyata keçirdiyi layihələr arasında “Small deeds for great needs” (“Böyük ehtiyaclar üçün kiçik əməllər”) beynəlxalq layihəsini də vurğulamaq lazımdır. Layihə üç ölkə-Azərbaycan, İspaniya və Moldova müəllim və şagirdləri arasında qarşılıqlı əməkdaşlıq əsasında həyata keçirilir. Layihənin rəhbəri liseyin tədris işləri üzrə direktor müavini, ingilis dili müəllimi Natəvan Bədəlovadır. Layihədə liseyin 5d və 6ç sinif şagirdləri iştirak edir.  Adıçəkilən layihənin əsas məqsədi qeyd olunan ölkələrin inkişafında əvəzsiz xidmətləri olan xeyriyyəçilər haqqında araşdırmalar aparmaq, onların fəaliyyətləri ilə yaxından tanış olmaq və təqdimatlar hazırlamaqdır. Nəzərə çatdıraq ki, layihə çərçivəsində şagirdlər Mehriban xanım Əliyeva, Hacı Zeynalabdin Tağıyev, Nabat xanım Aşurbəyova, Murtuza Muxtarov, El Padre Angel (ispan), Vicente Ferrer (ispan), Diego Hidalgo Schurun (ispan) haqqında genişmiqyaslı araşdırmalar aparıb.

 

Kiçik xeyriyyəçilik tədbirlərini gerçəkləşdirmək layihədə qarşıya qoyulan məqsədlərdən biridir. Elə bu məqsədlə də mayın 19-da Beynəlxalq Muğam Mərkəzində liseyin şagirdlərinin əl işlərindən ibarət “Helping Hands” adlı sərgi - satış yarmarkası təşkil edilib və toplanan vəsaitlə Bakı şəhərində yerləşən Uşaq Sığınacağındakı 32 müxtəlif yaş qrupundan olan uşaqlar üçün qida məhsulları, geyim əşyaları, məktəb ləvazimatları, oyuncaqlar alınıb. Xeyriyyə tədbirinə Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin “eTwinning Plus” layihələri üzrə baş məsləhətçisi Fidan Nəcəfova, Bakı və Sumqayıt şəhərində yerləşən bir sıra məktəblərin nümayəndələri də qoşulub. Sevindirici haldır ki, xeyriyyə tədbirində eyni zamanda Cəbrayıl rayon Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin müəllim və şagird kollektivi də iştirak edib. Cocuq Mərcanlıdan gələn qonaqlar “eTwinning” layihəsi haqqında ətraflı məlumat alıb.

 

Sonda qonaqlara müxtəlif hədiyyələr təqdim edilib.



25.05.2019 | 13:04