“Xaricdə təhsil” Proqramına qəbul başlandı

Məlum olduğu kimi, Prezident İlham Əliyevin müvafiq fərmanı ilə ötən il  təsdiq olunmuş “Azərbaycan Respublikasının Gənclər Fondunun Nizamnaməsi”nə uyğun olaraq  gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin maliyyələşdirilməsi Gənclər Fonduna həvalə olunub.  Ölkə başçısının təhsil sahəsində apardığı  islahatlar və  davam edən genişmiqyaslı tədbirlər  ölkəmizdə savadlı  gənc nəslin  yetişməsinə, təhsilin  böyük nailiyyətlər əldə etməsinə gətirib çıxarıb.

 

Mayın 23-də Gənclər Fondunda keçirilən mətbuat konfransında çıxış edən qurumun  icraçı direktoru Fərid Cəfərov dövlət başçısı İlham Əliyevin  1 fevral Gənclər Günündə  gənclərlə görüşündə  səsləndirdiyi  “gənclər üçün əsas istiqamət, əlbəttə ki,  təhsildir. Çünki bugünkü dünyada bilik, savad ön plandadır”   fikirlərinə istinad edərək  insan kapitalının inkişaf  konsepsiyasının   təhsil sahəsində prioritet istiqamətlərdən olduğunu bildirib.  Onun sözlərinə görə, ölkə başçısının həyata keçirdiyi gənclər siyasətinin başlıca istiqaməti gənclərimizin hərtərəfli inkişafıdır və bu, xüsusilə də təhsil sahəsində, onların xaricdə təhsilinin artırılmasında xüsusi önəm daşıyır.  Azərbaycanın bir sıra ölkələrlə imzaladığı  hökumətlərarası  saziş əsasında gənclərimiz xaricdə öz təhsillərini  ödənişsiz şəkildə həyata keçirirlər.  Bu mənada ötən il ölkə başçısı tərəfindən təsdiq olunmuş  “2019-2023-cü illər üçün  Azərbaycan Respublikasında  ali təhsil sisteminin  beynəlxaq  rəqabətliliyinin  artırılması üzrə” Dövlət Proqramında da  əsasən  gənclərimizin doktorant  pilləsində xaricdə təhsilinin maliyyələşdirilməsi nəzərdə tutulub.

 

F.Cəfərov   Gənclər Fondu tərəfindən  gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin maliyyələşdirilməsi üzrə müsabiqənin elan olunduğunu bildirib.  Bu barədə ətraflı məlumat verən F.Cəfərov qeyd edib ki,    müsabiqə üzrə müraciətlər mayın 23-dən 23 iyun 2019-cu il saat 18:00-dək qəbul ediləcək.  Müsabiqədə 16-29 yaş arasında olan Azərbaycan Respublikasının vətəndaşları magistr təhsil pilləsi üzrə  prioritet ixtisaslar üzrə seçilən universitetlərdən hər hansı birinə daxil olaraq iştirak edə bilər.

 

Qurumun rəhbəri qeyd edib ki,   ölkəmizin  ixtisas  və təhsil proqramları üzrə ehtiyacları  və əmək bazarının  perspektiv planına  uyğun olaraq  Gənclər Fondunun  vəsaiti hesabına gənclərin Avropanın nüfuzlu ali təhsil müəssisələrində  74 ixtisas üzrə magistr təhsili  maliyyələşdiriləcək.  Maliyyələşdirilməsi nəzərdə tutulan ixtisaslar və ali təhsilin aparılacağı universitetlərin siyahısı Fondun saytında yerləşdirilib.   Buraya əsasən kontinental Avropada olan  və dünyanın top-500-lüyündə olan universitetlər daxildir. Həmçinin ABŞ və Böyük Britaniyanın dünya universitetlərinin  ilk 100-lüyündə yer alan  universitetlərinə daxil olaraq (artıq təhsil alan və ya oxumaq üçün dəvət alan) təhsil müəssisəsindən təqaüd alan və Fondun xaricdə təhsil üzrə müəyyən etdiyi meyarlara cavab verən gənclərin yaşayış, yol, sığorta və viza xərcləri də Fond tərəfindən maliyyələşdiriləcək.   Müraciət etmək istəyənlər Azərbaycan Respublikasının Gənclər Fondunun rəsmi (www.youthfoundation.az) saytında qeydiyyatdan keçib, kod və şifrə əldə etdikdən sonra, saytın elektron xidmətlər bölməsində yerləşdirilmiş ərizə formasını müvafiq qaydada doldurub, sayt üzərindən Fonda göndərməlidirlər.

 

Qurumun icraçı direktoru qeyd edib ki,  ayrı-ayı ölkələrdə təhsil haqları müxtəlif olduğundan maliyyələşdiriləcək gənclərin sayını konkret  söyləmək çətindir, digər tərəfdən bu il proqram ilk dəfə olaraq Fond tərəfindən həyata keçirilir.  Buna görə də gənclərin sayında müəyyən məhdudiyyətlərin olması ehtimal olunur.  O əlavə edib ki, maliyyələşmə müraciətlərin sayına uyğun olaraq həyata keçiriləcək.

 

Onun sözlərinə görə, ixtisas  seçimi  ölkənin mütəxəssis ehtiyacına uyğun həyata keçirilir. Gənclər Fondu tərəfindən  müvafiq dövlət qurumlarına  müraciətlər  ünvanlanıb və  növbəti  ildə  ehtiyac duyulan  ixtisaslar  barədə məlumat verilməsi xahiş olunub.  Əldə olunmuş rəylər əsasında 74 ixtisas üzrə xaricdə təhsilin maliyyələşdirilməsinə qərar verilib.  İxtisas sahələrinə təhsil,  humanitar,  sosial, incəsənət,  kənd təsərrüfatı  və  İKT qruplarına aid olan ixtisaslar aiddir.

 

Seçim meyarlarına gəldikdə, bu, hər istiqamət üzrə hazırlanacaq ekspert rəyi əsasında həyata keçiriləcək.   “Qiymətləndirmələr ayrı-ayrı sahələr üzrə akademik  ekspertlərlə yanaşı, müstəqil ekspertlər   və həmin sahə  üzrə ixtisaslaşmış  dövlət qurumunun  nümayəndələrinin iştirakı ilə həyata keçiriləcək. Və təbii ki, həm Gənclər Fondu,   həm də xaricdə təhsil sahəsində uzunillik təcrübəsi olan Təhsil Nazirliyinin nümayəndələri də ekspert qruplarında olacaq”, - deyə F.Cəfərov bildirib.  Onun sözlərinə görə, seçim meyarları müxtəlifdir. Təbii ki, tələbələrin bakalavr pilləsinə qəbul olarkən topladıqları baldan başlayaraq onların təhsil dövründə əldə etdikləri təhsil göstəriciləri nəzərə alınacaq.  Xarici dil bilikləri üzrə verdikləri müxtəlif  imtahan göstəriciləri də seçim zamanı əsas meyar kimi diqqətə  alınacaq.  

 

 

Oruc  MUSTAFAYEV



24.05.2019 | 11:35