28 May-Respublika gününə həsr olunmuş bilik və yaradıcılıq sərgisi keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) 28 May-Respublika günü ilə əlaqədar olaraq “Mənim Azərbaycanım” adlı bilik və yaradıcılıq sərgisi keçirilib. Tədbirdə universitetin kollektivi ilə yanaşı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Sumqayıt şəhər və Abşeron rayon Təhsil  şöbələrinin nümayəndələri və məktəb direktorları iştirak ediblər.

 

Universitetin rektoru, professor Havar Məmmədov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasətinin ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Təhsilə olan dövlət qayğısı nəticəsində tələbə və şagirdlər bilik və bacarıqlarını reallaşdıra bilirlər.

 

Rektor universitet-məktəb əlaqələrinin vacibliyindən və əhəmiyyətindən də danışıb, keçirilən sərginin buna nümunə olduğunu diqqətə çatdırıb.

 

Bakı, Abşeron və Sumqayıt məktəbliləri üçün nəzərdə tutulan tədbirdə şagirdlər universitetin tədris imkanları, maddi-texniki bazası və təhsil alan tələbələrin elmi, yaradıcılıq və sosial fəaliyyətlərini əks etdirən işlərlə tanış olublar.

 

Tədbirdə orta məktəblərlə yanaşı  Akademik Zərifə Əliyeva adına liseyin, Zirvə liseyinin, Bakı Avropa liseyinin, Sumqayıt Təbiət Elmləri Təmayüllü Gimnaziyasının, Sumqayıt şəhəri texniki və təbiət elmləri liseyinin  və Sumqayıt şəhər Təfəkkür liseyinin şagirdləri də iştirak edib. Ziyarətçilərin əksəriyyətinin abituriyent olduğunu nəzərə alaraq universitetdə “Açıq qapı günü” də keçirilib və onlara universitet, ixtisaslar və təhsil prosesi barədə ətraflı məlumat verilib.

 

Sərgi ziyarətçilərinə BMU-nun maraqlı elmi nümunələri və nəaliyyətləri təqdim olunub. Bununla yanaşı, dizayn ixtisasında təhsil alan tələbələrin əl işləri, ebru rəsm sənəti sərgilənib.

 

Sərgidə tələbələrin ifasında milli rəqs və mahnılar səslənib.

 



24.05.2019 | 19:55