ADA Universitetinin məktəblilər arasında keçirdiyi ingilis dili olimpiadasının qalibləri müəyyənləşib

ADA Universitetində 10-11-ci sinif şagirdləri arasında akademik məqsədlər üçün keçirilən IV ingilis dili olimpiadasının qalibləri elan edilib.

 

Tələbələrin təşəbbüsü kimi başlayan olimpiadanı bu il bir sıra təşkilatlar, o cümlədən Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi, Britaniyanın Stonar özəl təhsil məktəbi, NACE məktəblər qrupu və 132-134 nömrəli Təhsil Kompleksi dəstəkləyib.

 

Olimpiadaya Bakı şəhəri üzrə 164 məktəbdən 556 nəfər şagird qatılıb. Birinci mərhələ zamanı iştirakçılar ingilis dilinin qrammatikası və oxu qabiliyyətinə dair 50 yazılı sualı cavablandırıblar. İkinci mərhələyə müvəffəqiyyətlə keçən 108 şagird yazı və dinləmə qabiliyyəti üzrə yarışıblar.

 

Qaliblərin mükafatlandırılma mərasimində ADA Universitetinin tədris işləri üzrə prorektoru Vəfa Kazdal vurğulayıb ki, olimpiadanın nəticəsi kimi tək qaliblərin deyil, təhsilin müxtəlif pillələrini təmsil edən qurumların birgə uğurlu əməkdaşlığı təqdirəlayiqdir.

 

Sonra olimpiadanın təşkilatçı qurumlarının nümayəndələri bütün yüksək nəticə göstərmiş məktəbliləri, onların ailə üzvlərini və təmsil etdikləri məktəbləri təbrik ediblər.

 

Nəticələrə görə, 3-cü yerin sahibi Bakı Avropa Liseyinin şagirdi Aydan Cəfərova “Lenovo Tab E7” ilə mükafatlandırılıb və ADA Universitetinin ingilis dili üzrə yay məktəbində təhsil haqqına 50 faiz güzəşt qazanıb. İkinci yerin sahibi - Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdi Rəbiyyə Hüseynova “Lenovo Ideapad” və ADA Universitetinin ingilis dili üzrə yay məktəbində təhsil haqqına 75 faiz güzəşt əldə edib. Olimpiadanın əsas qalibi Kaspi Liseyinin şagirdi Nurgün Rəfizadə isə Böyük Britaniyada yerləşən Stonar özəl təhsil məktəbində birhəftəlik ingilis dili kursu qazanıb.

 



30.05.2019 | 16:48