“Naxçıvan şəhərinin epiqrafik abidələri” monoqrafiyasının təqdimatı keçirilib

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Naxçıvan şəhərinin epiqrafik abidələri” adlı monoqrafiyasının təqdimatı keçirilib.

 

Bölmənin sədri, akademik İsmayıl Hacıyev Naxçıvan şəhərinin epiqrafik abidələri barədə məlumat verib. Bildirib ki, Naxçıvan Muxtar Respublikası ərazisində xeyli sayda epiqrafik abidələr olsa da müstəqillik illərinə qədər sistemli şəkildə tədqiqata cəlb edilməyib.

 

Akademik bu gün tarixi mədəniyyət abidələri, o cümlədən memarlıq nümunələrinin dövlət qayğısı ilə əhatə olunduğunu, qorunub saxlanılması, bərpası və təbliği istiqamətində bir sıra işlərin görüldüyünü xatırladıb. O, Naxçıvan Muxtar Respublikasının Ali Məclis Sədrinin 6 dekabr 2005-ci il tarixli “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” sərəncamına əsasən, 2006-cı ildən etibarən regiondakı abidələrin sistemli şəkildə öyrənildiyini söyləyib.

 

Daha sonra institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyevin “Naxçıvan şəhərinin epiqrafik abidələri kitabı haqqında bir neçə söz” mövzusunda məruzəsi dinlənilib.

 

Təqdimat mərasimində institutun şöbə müdirləri, tarix üzrə fəlsəfə doktorları-Asəf Orucov və Toğrul Xəlilov sözügedən monoqrafiyanın elmi dəyərindən söz açıblar.

 

Sonda müəllif çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib.

 



30.05.2019 | 20:44