BMU-nun müəllimi Almaniyanın Koblenz Universitetində olub

Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı, dosent Mayis Əzizov Avropa Şurasının Erasmus+ Layihəsinin “Mobility Agreement Staff Mobility For Teaching” adlı proqramında iştirak edib.  

 

M.Əzizov 7 həftəlik proqramda Almaniyanın Koblenz Universitetinin magistr və bakalavr tələbələrinə “Macroeconomic key factors and their impact on business” (Əsas makroiqtisadi amillər və onların biznesdə təsirləri) və “International Study Skills: Microeconomics” (Beynəlxalq təhsil bacarıqları: Mikroiqtisadiyyat) fənlərindən mühazirələr oxuyub. O, həmçinin Koblenz Universitetinin tələbələrinə “Azərbaycan universitetlərində və eləcə də BMU-da təhsil imkanları” barədə seminar keçib.

 

BMU-nun dekanı Koblenz Universitetinin Beynəlxalq əlaqələr departamentinin əməkdaşları ilə keçirdiyi görüşdə iki universitet arasında mümkün əməkdaşlıq istiqamətlərini də müzakirə edib. Aparılan müzakirələrin nəticəsi olaraq növbəti ildən birlikdə yay məktəbinin keçirilməsi qərarlaşdırılıb.

 

Beynəlxalq layihə və proqramlarda iştirakı universitetlər arası əməkdaşlığın inkişafında, həmçinin beynəlxalq elmi və pedaqoji təcrübənin qazanılması baxımından əhəmiyyətli olduğunu bildirən M.Əzizov qeyd edib ki, Almaniyada dərsə davamiyyətin məcburi olmadığını, bununla birlikdə tələbələrin dərsdə iştirakının yüksək səviyyədə olması və dərslərdə interaktiv iştirakı təqdirəlayiq haldır.

 

Qeyd edək ki, cari ildə BMU-nun bir neçə müəllim və tələbəsi müsabiqə yolu ilə beynəlxalq proqramlarda iştirak edib. Universitet hər zaman beynəlxalq layihələrdə və proqramlarda yaxından iştiraka üstünlük verir və bu, dünyadakı elmi təcrübənin Azərbaycana gətirilməsində mühüm rol oynayır.

 



02.06.2019 | 14:45