Subbakalavrlar universitetlərdə pulsuz təhsil ala biləcək

Nazirlər Kabineti subbakalavrların müsabiqədənkənar bakalavr təhsili almasını təmin edən qərara imza atıb. “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”nın təsdiq edilməsi ilə bağlı olan bu qərara görə, kollec məzunları ali məktəblərə imtahansız qəbul ola biləcəklər.

 

Bəs, universitetlərə imtahansız qəbul olunan kollec məzunları təhsilini hansı əsaslarla davam etdirəcək? Onların qiyabi təhsil alması mümkün olacaqmı?

 

Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirovun sözlərinə görə,  ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunan subbakalavrlar seçdiyi ixtisasdan və ixtisas üçün müəyyənləşdirilmiş ixtisas balından  asılı olaraq, həm ödənişli, həm də ödənişsiz əsaslarla təhsil almaq imkanı əldə edəcəklər: “Qəbul planında kollec məzunlarının seçdiyi ixtisas üzrə təhsil hansı formada nəzərdə tutulubsa, həmin formada təhsil ala biləcəklər”.

 

F.Qədirovun sözlərinə görə, bu, həm qiyabi, həm də əyani ola bilər.

 

 

RUHİYYƏ



06.06.2019 | 14:54