Beynəlxalq konfransın növbəti bölmə iclası Ukraynada keçirilib

Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir. Konfransın bölmələri Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstan universitetlərinin bazasında təşkil olunub.

 

İlk bölmə iclası Rusiyanın B.Yeltsin adına Ural Federal Universitetində “AXC - Şərqdə ilk demokratik respublikadır” mövzusunda keçirilib. Aprelin 12-də isə Kiev Milli Linqivistik Universitetində “Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda növbəti bölmə iclası keçirilib. Bölmə iclasında Kiyev Milli Linqvistik Universitetinin rəhbərliyi, professor-müəllim heyəti və tələbələrlə yanaşı Azərbaycan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev, səfirliyin əməkdaşları, Ukraynada Azərbaycan diaspor qurumlarının təmsilçiləri, eləcə də Azərbaycan Dillər Universiteti rektorunun elm və təhsil məsələləri üzrə müşaviri, dosent Seyfəl Həsənov, təhsil fakültəsinin dekanı, professor Fikrət Cahangirov iştirak ediblər.

 

Konfrans iştirakçılarını salamlayan Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev ümümmilli lider Heydər Əliyevin ölkəmizin tarixindəki yeri və rolu, Azərbaycan-Ukrayna münasibətlərinin dünəni və bu günü, eləcə də perspektivləri mövzusunda çıxış edib.

 

 Universitetin rektoru, professor R.V.Vasko məruzəsində Heydər Əliyevin xatirəsinin Ukraynada da əziz tutulduğunu vurğulayıb. Rektor bildirib ki, bu böyük tarixi şəxsiyyətin Azərbaycan-Ukrayna münasibətlərinin inkişafına verdiyi töhfələr olduqca böyükdür.

 

Çıxış edənlər müstəqillik dövründə Azərbaycan-Ukrayna  dövlətlərarası  əlaqələrinin qurulmasında, eləcə də iki ölkə arasında elm, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın inkişafında Heydər Əliyevin rolunu xüsusi qeyd ediblər.



13.04.2018 | 18:03