Naxçıvan florasının nadir növlərindən bəhs edən interaktiv dərs

AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün növbəti “İnteraktiv açıq dərs” keçirilib.

 

Dərsdə Bölmənin Bioresurslar İnstitutunun böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Namiq Abbasov “Naxçıvan Muxtar Respublika florasının nadir növləri və onların mühafizəsi” mövzusunda məruzə ilə çıxış edib. Alim məruzəsində ölkəmizdə və eyni zamanda muxtar respublikada təbiətin və təbii ehtiyatların mühafizəsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

 

Təbiətin mühafizəsi, bərpası və zənginləşdirilməsi istiqamətində ölkə başçısı və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən müxtəlif illərdə imzalanan fərman və sərəncamları şagirdlərin diqqətinə çatdıran alim bildirib ki, nadir, relikt, endemik bitki və heyvan növlərinin qorunmasında həmin sənədlərin rolu olduqca böyükdür.

 

Dərs prosesində muxtar respublika florasının nadir növlərin yayılması, bitdiyi yer, təbii ehtiyatı, çoxalması, bioloji xüsusiyyətləri, qəbul edilən və zəruri qorunma tədbirləri ilə bağlı ümumi məlumat verilib.

 

Namiq Abbasov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 15 avqust 2006-cı il tarixli Sərəncamına əsasən, ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının flora və faunasına dair iki cilddən ibarət “Qırmızı kitab”lar hazırlanıb nəşr edilib. Vurğulanıb ki, 202 bitki növünün daxil edildiyi kitabın ikinci cildi nadir növlərin müasir vəziyyətinin müəyyənləşdirilməsindən başqa, həm də bitkiçiliyin elmi əsaslarla öyrənilməsi, səmərəli və davamlı istifadə olunması, qorunub saxlanılmasında da mühüm əhəmiyyətə malikdir.

 

Açıq dərsdə həmçinin Bioresurslar institutunun əməkdaşları tərəfindən ekspedisiyalar zamanı təbiətdə çəkilən nadir növlərin şəkilləri videoslayd vasitəsilə şagirdlərin diqqətinə çatdırılıb. Bildirilib ki, təbiətin əsrarəngiz zənginliyinin öyrənilməsi, faydalı bitkilərin introduksiyası və onlar üzərində elmi-tədqiqat işlərinin aparılması institutun qarşısında duran əsas vəzifələrdən biridir.

 

Açıq dərs muxtar respublikanın 200-dən artıq ümumtəhsil müəssisələrində izlənilib.

 



07.06.2019 | 12:23