BDU-nun 100 illiyi UNESCO-da qeyd ediləcək

Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin 2017-ci il 14 noyabr tarixli Sərəncamına müvafiq olaraq  2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illik yubileyi geniş miqyasda qeyd olunmaqdadır.

 

Ölkədə və xaricdə keçirilən çoxsaylı elmi, mədəni və kütləvi tədbirlərlə yanaşı, Bakı Dövlət Universitetinin 100 illik yubileyi 2019-cu il 12 iyun tarixində UNESCO-nun Parisdəki Baş qərargahında da beynəlxalq səviyyədə qeyd olunacaq. Bu məqsədlə, həmin gün rəsmi tədbir və sərgi təşkil olunacaq, konsert veriləcək. Tədbirin rəsmi hissəsində BDU-nun 100 illik tarixini özündə dolğun şəkildə əks etdirəcək videoçarx göstəriləcək, tarixi və müasir şəkillərdən ibarət sərgi nümayiş etdiriləcək.

 

Yubileydə Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti və Mədəniyyət Nazirliyinin yüksək səviyyəli nümayəndə heyəti, o cümlədən dəvətli qonaqlar iştirak edəcəklər.

 

Qeyd edək ki, UNESCO-nun İcra Şurası tərəfindən 2018-2019-cu illər üzrə yubileylər siyahısına Bakı Dövlət Universitetinin 100 illik yubileyinin qeyd edilməsi təklifi Baş Konfransın Parisdə keçirilən 39-cu sessiyasında müsbət dəyərləndirilib və 2019-cu ildə yubiley tədbirlərinin qeyd olunması qərara alınıb.



09.06.2019 | 15:54