ABŞ-da Azərbaycan Məktəbinin şagirdləri tərəfindən mədəniyyətimizə dair təqdimat

Vaşinqton şəhərində fəaliyyət göstərən Azərbaycan Məktəbinin şagirdləri tərəfindən ABŞ paytaxtının ən məşhur məkanlarında Azərbaycan mədəniyyətinin təqdimatı keçirilib. Azərbaycan Demokratik Respublikasının yaranmasının 101 illiyi ilə əlaqədar olaraq şagirdlər Vaşinqtonun Linkoln Memorial və Prezident parklarından biri olan Ellips parkında Azərbaycan rəqslərini nümayiş etdiriblər. Azərbaycan Məktəbinə xüsusi qonaq qismində dəvət olunan rəqqaslar Məryəm Nəcəfzadə və Əli Mustafayevi “Qafqaz” rəqsini ifa  edərək tamaşaçılara xoş ovqat  bəxş ediblər.

 

Xatırladaq ki, Azərbaycan Məktəbi 2017-ci ilin fevral ayında təsis edilib. Ölkəmizin ABŞ-dakı səfirliyinin dəstəyi ilə ABŞ-Azərbaycan Ticarət Palatası nəzdində Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində fəaliyyət göstərir. Vaşinqton və ətraf şəhərlərdə yaşayan azərbaycanlı uşaqlarına məktəbdə milli dəyərlərimiz öyrədilir, Azərbaycan dili dərsləri keçirilir və milli bayramları keçirmək üçün hər cür şərait yaradılır.

 

Sifai SƏFƏROVA

 



10.06.2019 | 22:56