Milli Azərbaycan Ədəbiyyatı Muzeyi – 80 il

Bu il AMEA-nın Milli Azərbaycan Ədəbiyatı Muzeyinin əsasının qoyulmasından 80 ili tamam olur. Bu barədə “Azərbaycan müəllimi”nə  AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya idarəsinin Elektron informasiya şöbəsinin rəis müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, dissertant Nərgiz Qəhrəmanova məlumat verib. O bildirib ki, Azərbaycan ədəbiyyatı da qədim dövrdən bugünədək keşməkeşli yol keçib, şair və yazıçılarımız yaratdığı əsərlərlə dünya ədəbiyyatına mühüm töhfələr verib. Ölkəmizdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri, onların yaradıcılığı, dəyərli əsərlərinə dair yüzlərlə məqalə, kitab və monoqrafiyalar yazılıb. Lakin Azərbaycan xalqının yazıçı və şairlərimizin əsərlərinin orijinal nüsxələri, heykəltaraşlıq və tətbiqi sənət nümunələri ilə əyani şəkildə tanış olmaq kimi bir şansı var: “ Söhbət Bakının mərkəzində yerləşən, əsrarəngiz gözəlliyi ilə insanların diqqətini cəlb edən AMEA-nın Milli Azərbaycan Ədəbiyatı Muzeyindən gedir. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan bu muzeyin eyvanında Azərbaycanın 6 görkəmli söz ustadının – Füzulinin, Vaqifin, M.F.Axundovun, Natəvanın, C.Məmmədquluzadənin və C.Cabbarlının möhtəşəm heykəlləri ucaldılıb. Cari ildə bu möhtəşəm muzeyin əsasının qoyulmasından 80 il ötür”.

 

N.Qəhrəmanova muzeyin yerləşdiyi məkanın tarixinə nəzər salaraq bildirib ki, 1850-ci ildə qədim İçərişəhəri əhatə edən Qala divarları yaxınlığında inşa edilmiş birmərtəbəli karvansaraya sonradan ikinci mərtəbə də əlavə olunur. 1915-ci ildə binanın yeni sahibi Azərbaycan milyonçusu Hacı Hacıağa Dadaşovun istəyi ilə bina “Metropol” mehmanxanasına çevrilir. 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının Nazirlər Kabineti məhz bu binadan həm yaşayış, həm də iş yeri kimi istifadə edir. 1920-1930-cu illərdə bina Azərbaycan Həmkarlar İttifaqının ixtiyarına verilir. Böyük Azərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlıq ərəfəsində binanın Gəncəvinin həyat və yaradıcılığından bəhs edən muzeyə çevrilməsi ilə bağlı qərar qəbul olunur. 1943-cü ildə binanın fasadı və interyeri milli üslubda yenidən işlənilir.

 

Müsahibimiz vurğulayıb ki, qonaqları şair və yazıçılarımızın zəngin ədəbi irsi ilə tanış etmək, onlara müxtəlif ekspoziyalar, tarixi sənədlər, arxiv materialları, yazıçıların xatirə əşyaları və s. təqdim etməklə müəyyən dövr haqqında canlı təsəvvür yaratmaq muzeyin əsas missiyasıdır. Burada Azərbaycan xalqının tarixinin əsas məqamları, onun abidələri və dahi şair Nizami Gəncəvinin yaradıcılığı ilə yaxından tanış olmaq mümkündür.

 

N.Qəhrəmanova qeyd edib ki, muzeyin dünya standartlarına cavab verən, tam kompüterləşdirilmiş, innovativ texnologiyalarla zənginləşdirilmiş ekspozisiyasında Azərbaycan ədəbiyyatının inkişaf mərhələləri öz əksini tapıb. Yenilənmiş ekspozisiyada monitorlar vasitəsilə ziyarətçilər qiymətli audio-video materiallarla – müxtəlif filmlərdən, səhnə əsərlərindən fraqmentlər, görkəmli Azərbaycan bəstəkarlarının əsərləri, eləcə də tanınmış aktyorların ifasında poeziya nümunələri ilə tanış olmaq imkanına malikdirlər. Muzey son dövrlərdə beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində də ciddi tədbirlər görür. Burada fəaliyyət göstərən Beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsi muzeyin elm və mədəniyyət sahəsində yaradılan əməkdaşlıq sazişlərinin  bağlanması, beynəlxalq konfransların və tədbirlərin keçirilməsi işlərini təşkil edir. Həmçinin, muzeyin əməkdaşlarının beynəlxalq təşkilatların iclasları, konfrans, simpozium, seminar, ixtisasartırma kurslarında iştirakını təmin edir.

 

N.Qəhrəmanova onu da bildirib ki, hazırda muzey Azərbaycan xalqının qədim mədəniyyətinin, zəngin ədəbi irsinin təbliğatçısı olmaq kimi şərəfli bir missiyanı həyata keçirir. www.nizamimuseum.az saytı vasitəsilə muzeyin fəaliyyəti, gördüyü işlər, burada baş tutan tədbirlər, xatirə gecələri və s. geniş şəkildə işıqlandırılır.  “80-ci ildir ki, ədəbiyyatsevərlərin, Azərbaycan mədəniyyəti və tarixinə dəyər verənlərin, yaşından və peşəsindən asılı olmayaraq minlərlə insanın müqəddəs ziyarət məkanına çevrilən Nizami Muzeyi bu ölkənin milli sərvətidir. İnanırıq ki, xalqımız hər daşında tarix yatan bu sərvəti həmişə qoruyub saxlayacaq, onu daha da zənginləşdirərək, inkişaf etdirərək gələcək nəsillərə ötürmək üçün əlindən gələni edəcək”, - deyə N.Qəhrəmanova bildirib.

 

Qeyd edək ki, hazırda muzeyə akademik Rafael Hüseynov rəhbərlik edir.

 

Nərgiz  QƏHRƏMANOVA



11.06.2019 | 09:00