"Kiçik Akademiya"nın üzvləri üçün seminar təşkil edilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 30 saylı tam orta məktəbin tərkibində fəaliyyət göstərən "Kiçik Akademiya"nın üzvləri üçün seminar keçirilib.

 

Elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov şagirdlərə elmin incəliklərindən söhbət açıb, fənlərin  dərindən  mənimsənilməsinin gələcək peşə seçiminin müəyyənləşdirilməsində onlara köməkçi ola biləcəyini izah edib.

 

Təhsil şöbəsinin müdiri, c.ü.f.d. Müseyib Yunusov, Gənc Alim və Mütəxəssislər Şurasının sədri c.ü.f.d. Samirə Ələkbərova, c.ü.f.d. Abil Haqverdiyev məktəbdə təhsilin səviyyəsini yüksəltməyin, şagirdlərə müasir texnologiyalardan istifadə etmək bacarığını aşılamağın önəmindən danışıblar, şagirdlərə öyrəndikləri bilikləri ümumiləşdirərək müxtəlif mövzuları əhatə edən təqdimatlarla çıxış etməyi məsləhət görüblər. Aparıcı elmi işçi, dosent Səidə Zeynalova, elmi işçi Samirə Abuşova da şagirdlərə dəyərli məsləhətlər veriblər.

 

Balaca coğrafiyaçılar qlobal istiləşmə, onun iqtisadiyyata, heyvanat aləminə və bitkilərə təsirindən bəhs edən geniş təqdimatla çıxış ediblər, hazırladıqları maketləri nümayiş etdiriblər.

 

Sonda "Kiçik Akademiya"nın rəhbəri Vüsalə Ağayeva tədbirin yüksək səviyyədə təşkilinə görə  İnstitut rəhbərliyinə öz minnətdarlığını bildirib.

 



11.06.2019 | 13:32