Coğrafiya İnstitutunda “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyinin iclası keçirilib

Azərbaycan Milli Elmlər Akadeniyasının (AMEA) ak. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyinin növbəti iclası keçirilib.

 

Akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən iclasda Birliyin idarə heyətinin üzvləri ilə yanaşı, tədbirə dəvət olunmuş Azərsu ASC-nin Mərkəzi laboratoriyasının rəhbəri  Elçin Əliyev də iştirak edib.

 

R.Məmmədov gündəlikdə duran məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb. İlk əvvəl İctimai Birliyin üçillik fəaliyyət planının hazırlanması məsələsi müzakirəyə qoyulub. Bildirilib ki, fəaliyyət planına salmaq üçün işçi qrupları normativ hüquqi aktları nəzərə alaraq, sırf elmiliyə söykənməyən, bir neçə bənddən ibarət əhəmiyyətli təklif və müddəalar hazırlayaraq növbəti iclasa təqdim etsinlər. Ölkənin su ilə əlaqədar əhəmiyyətli qurumlarının diqqətini İctimai Birliyin fəaliyyətinə yönəltmək, onları birgə əməkdaşlığa maraqlandırmaq məqsədilə görülən konkret tədbirlər və layihələrlə  müxtəlif qurumlara  müraciət edilməsi məqsədəuyğun sayılıb.

 

“Abşeron ərazisində yerləşən göllərin müasir vəziyyəti”, “Su çatışmazlığı olan inzibati rayonların su təchizatı problemləri”, “Su qıtlığından əziyyət çəkən bölgələrdə kiçik su anbarlarının yaradılması”, “Çirkab suların təmizlənməsi” və s. mövzularda layihələrin işlənərək təqdim edilməsi qərara alınıb.

 

Ölkənin su ehtiyatlarının təyini məsələsi ətrafında c.ü.e.d. Rənabəyim Qaşqayın iştirakı ilə “Azərbaycanın su balansının təyin edilməsi üzrə ilkin təklif və ideyaların hazırlanması” layihəsinin işlənməsi yekdilliklə qəbul edilib.

 

İnstitutun direktor müavini, dos. Məhərrəm Həsənov yağış suyundan səmərəli istifadə sahəsində təkliflə çıxış edib. O qeyd edib ki, Bakıya yağan yağışın miqdarı şəhərə daxil olan içməli suyun miqdarına bərabərdir. Evlərin damlarına yığılan suyu navalçalar vasitəsilə toplamaq və ondan həyətyanı sahələrin suvarılmasında istifadə etmək mümkündür. İdeya  idarə heyəti tərəfindən bəyənilib və M.Həsənova mövzu üzrə layihə hazırlanması tövsiyə edilib.

 

Sonra İB-yə şəxsi və kütləvi üzvlük, Birliyın loqosunun hazırlanması və digər məsələlərə baxılıb. İctimai Birliyin gələn iclasının keçirilməsi iyul ayının əvvəlinə təyin edilib.

 



11.06.2019 | 15:04