“Təhsil Liqası”na yekun vurulub

“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 2018-2019-cu il mövsümü üzrə 8 yaşadək (U-8) və 9 yaşadək (U-9) futbolçulardan ibarət komandalar arasında təşkil olunan yarışların final oyunları keçirilib.

 

Bakı şəhəri 248 və 267 nömrəli tam orta məktəblərin ərazisində yerləşən mini futbol meydançalarında keçirilən yarışlarda U-8 liqası üzrə I yerə "Keşlə" Futbol Klubunun, II yerə "Sabah" Futbol Klubunun, III yerə “Təhsil” Respublika İdman Mərkəzinin 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin, U-9 liqası üzrə isə I yerə "Sabah" Futbol Klubunun, II yerə "Vətən" İdman Liseyinin ("Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin), III yerə "Keşlə" Futbol Klubunun komandaları layiq görülüb.

 

Qaliblər diplom, kubok, medal və qiymətli hədiyyələrlə təltif olunub.

 

Qeyd edək ki, 28 sentyabr 2018-ci il tarixindən keçirilən yarışlara idman məktəblərindən və futbol klublarından U-8 liqası üzrə 12, U-9 liqası üzrə 14 komanda qatılıb, ümumilikdə 314 oyun keçirilib.

 

Liqaların keçirilməsində məqsəd idman məktəblərinin futbol bölmələrində ibtidai hazırlıq qruplarının fəaliyyətlərinin gücləndirilməsi, kütləviliyin təmin olunması, uşaqların yarış təcrübələrinin artırılmasından ibarət olub.

 



12.06.2019 | 11:56