AzTU Elmi Şurasının növbəti iclası keçirilib

İyunun 12-də Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasının növbəti iclası keçirilib.

 

AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov əvvəlcə iclasın gündəliyi ilə iştirakçıları tanış edib.

 

İclasda Almaniyanın Brandenburq Texniki Universitetinin (BTU) professoru, “Metalkəsən dəzgahlar” kafedrasının müdiri Sylvio Simona AzTU-nun fəxri doktoru adı verildiyini qeyd edən AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov Almaniya universitetləri, o cümlədən BTU ilə mövcud əməkdaşlıq əlaqələrindən danışıb.

 

AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov çıxış edərək bildirib ki, Sylvio Simonun koordinatorluğu ilə BTU və AzTU arasında maşınqayırma sahəsində sıx əlaqələr mövcuddur. Alman Akademik Mübadilə (DAAD) “Şərq əməkdaşlığı” proqramı çərçivəsində Lausits Ali Məktəbi ilə qurulan əlaqələr, 2013-cü ildə AzTU-nun 14 tələbəsinin BTU-da yay məktəbində iştirakı, BTU-nun təşkilatçılığı ilə AzTU-da keçirilən elmi seminarlar və bütün bunların məntiqi nəticəsi olaraq maşınqayırma fakültəsinin nəzdində “Maşın mühəndisliyi” ixtisası üzrə almandilli qrupun təşkil edilməsindən danışan prorektor qeyd edib ki, professor Sylvio Simon AzTU-nun Avropa ali təhsil sisteminə inteqrasiyasında müstəsna xidmətlər göstərib.

 

Daha sonra Elmi Şura üzvlərinin səsverməsi ilə professor Sylvio Simon AzTU-nun fəxri doktoru elan edilib.

 

AzTU-nun fəxri doktoru adına layiq görüldüyü üçün çox məmnun olduğunu vurğulayan professor Sylvio Simon ikili əlaqələrin inkişafı üçün bu günədək gördüyü və görəcəyi işlərdən danışıb. Almaniyalı professor bundan sonra da universitetlər arasındakı əməkdaşlığın daha da güclənəcəyinə əminliyini ifadə edib. 

  

Daha sonra iclasda açıq səsvermə yolu ilə Strateji planlaşdırma şöbəsinin Əsasnaməsi təsdiq edilib və müxtəlif məsələlər müzakirə edilərək müəyyən qərarlar qəbul edilib.

 

Elmi Şuranın iclasından sonra almaniyalı qonaqlar AzTU-nun “Maşınqayırma” fakültəsinin “Maşınqayırma texnologiyası” kafedrasının professor-müəllim və tələbə heyəti ilə görüşüblər. Görüş zamanı almaniyalı qonaqlar tərəfindən kafedraya 3D printeri hədiyyə edilib. Bu printerdən tələbələr dərs vəsaiti kimi istifadə edəcəklər. 3D printeri tələbələrə hissələrin texnoloji proseslərinin layihələşdirilməsi nəticəsində alınan son məhsulun hazırlanmasına imkan verəcəkdir.



12.06.2019 | 19:39