SDU-da yeni tədris-təlim mərkəzinin və laboratoriyanın açılışı olub

İyunun 13-də Sumqayıt Dövlət Universitetində (SDU) ERASMUS+PETRA (Azərbaycan universitetlərində tədrisin və təlimin təkmilləşdirilməsi) layihəsi çərçivəsində yaradılmış Təlim-tədris mərkəzinin və Elektron laboratoriyanın açılışı olub.

 

Əvvəlcə  tədbir iştirakçıları universitetin foyesində Ulu Öndərin büstü önünə tər güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər, ali təhsil ocağında fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi və Elektron laboratoriya ilə tanış olublar.

 

Qeyd edək ki, açılış mərasimində ERASMUS+Azərbaycan Nümayəndəliyinin direktoru Pərviz Bağırov, əməkdaşı Zəfər Həsənov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Keyfiyyətin Təminatı şöbəsinin müdiri Rəşad Sadıqov, Xəzər Universitetinin Tədris-təlim Mərkəzinin direktoru Ülkər Bayramova, Bakı Slavyan Universitetinin İngilis Filologiyası kafedrasının müdiri, layihə meneceri Natavan Babayeva, Azərbaycan Dillər Universitetinin İngilis dilinin üslubiyyatı və leksikologiya kafedrasının dosenti, layihə meneceri Zarina Aslanova  və SDU-nun professor-müəllim heyəti iştirak ediblər.

 

Universitetin rektoru, professor Elxan Hüseynov bildirib ki, bu günlərdə xalqımız dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilas olunduğu mühüm tarixi hadisənin - xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlməsinin növbəti ildönümünü, 15 iyun-Milli Qurtuluş Gününü böyük bayram əhvali-ruhiyyəsi ilə qeyd edir. Ulu öndərin 26 il əvvəl - 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə respublikada vətəndaş müharibəsinin qarşısı alınıb, dövlətimizin ərazisinin parçalanması təhlükəsi aradan qalxıb, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranıb, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi başlanıb, Azərbaycanın sürətli iqtisadi inkişafı təmin edilib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın regionda və dünyada nüfuzu daha da artır, ölkəmiz dünyanın ən qabaqcıl layihələrində fəal iştirak edərək uğurlar qazanır.

 

Rektor  respublikamızda fəaliyyət göstərən ali məktəblərin  dünya təhsil sisteminə, xüsusən Avropa təhsil məkanına inteqrasiya istiqamətində görülən işlərdən də danışıb. SDU-da elmin təhsilə, Avropa dəyərlərinə inteqrasiyası, tədris prosesinin qabaqcıl təcrübədən faydalanmaqla təkmilləşdirilməsi məqsədilə bir sıra uğurlu layihələr həyata keçirilir. Hazırda həyata keçirilən belə layihələrdən biri də ERASMUS+PETRA layihəsidir. Layihəyə qoşulduğu müddətdə universitetin əməkdaşlarının iştirak etdiyi  müvafiq təlim, seminar və konfranslara toxunan rektor layihə çərçivəsində yaradılmış Təlim–tədris mərkəzinin universitetin müəllimlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, onların müasir təlim metodları ilə işləmək bacarıqlarının, tədris prosesinin keyfiyyətinin və səmərəliliyinin artırılmasına xidmət edəcəyini vurğulayıb.

 

Digər çıxışlardan sonra tədbir iştirakçıları layihə çərçivəsində keçiriləcək seminar və treninqlər üçün müasir standartlara uyğun yaradılmış auditoriya və laboratoriya ilə tanış olublar.

 



13.06.2019 | 21:05