Alimliklə müəllimliyin vəhdəti

Professor Məcid İsmixanov müasir Azərbaycanın peşəkar pedaqogikaşünaslarından olmaqla, təhsil ictimaiyyətinin ciddi alim-ziyalı-müəllim kimi qəbul etdiyi müqtədir simalardandır.

 

Səksən illik ömür yolunun təxminən 60 illik bir dövrünü pedaqoji fəaliyyətə həsr etmiş görkəmli ziyalının elmi-pedaqoji fəaliyyətinə nəzər saldıqda çox məhsuldar və nəcib bir alimin həyat salnaməsi ilə qarşılaşırıq. Sakit, təmkinli, amma iti müşahidəçilik qabiliyyəti olan Məcid müəllimin ölkənin təhsil tarixində öz yeri, mövqeyi və rolu vardır.

 

Cəmiyyətdə müəllim peşəsinin, müəllim statusunun yüksək tutulduğu bir dövrdə gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmaq, ona zəruri bilikləri çatdırmaq və ən başlıcası, gənclərdə düşünmək qabiliyyətini oyatmaq müəllimdən cəsarət və fədakarlıq tələb edir. Bu baxımdan, Məcid müəllim uzun müddətdir ki, öz peşəsinin vurğunu kimi pedaqoji fəaliyyətlə məşğul olur. Hər şeydən əvvəl o, tədris etdiyi fənni dərindən bilir, onu tələbələrinə sevdirmək üçün müxtəlif metodlardan bacarıqla istifadə edir.

 

Bütün bunların arxasında isə Məcid müəllimin daxili zənginliyi, intellektual qüdrəti, dünyamıza maraqlı fərdi baxışı durur. Ömrünün kamillik dövrünü yaşayan istedadlı alimin amalı vətəninə və xalqına xidmət etməkdir.

 

Məcid İsmixanov öncə müəllimdir. Bu sahə onun elmi-pedaqoji fəaliyyətinin əsas prioritetidir, əgər belə demək mümkünsə, ona son dərəcə doğma olduğu kimi, həm də təbiətinə uyğun gələn bir sahədir. Artıq 60 ilə yaxındır ki, bakalavrlar üçün “Pedaqogika”, magistrlər üçün isə “Ali məktəb pedaqogikası”, “Ali məktəb didaktikası”, “Məktəbin idarəedilməsi” fənləri üzrə oxuduğu mühazirələrlə, kurs, diplom və magistr işlərinə rəhbərliyi ilə yuzlərlə tələbənin formalaşmasında önəmli rol oynamışdır.

 

Bakı Dövlət Universitetinin professoru kimi yüksək adı daşıyan qələm dostumuz mərhum unudulmaz insan, neçə-neçə imkansız, lakin istedadlı gəncə yaşıl işıq yandırmaq xüsusiyyəti və prinsipiallığı ilə adı hafizələrimizə hopmuş professor Mərdan Muradxanovun yetirməsidir. Elmində və sənətində, həyata, yaxınlarına, həmkarlarına və dostlarına münasibətdə öz sələfi və müəlliminin yolunu davam etdirməyə çalışan Məcid müəllim öz dəst-xətti ilə seçilən alimdir.

 

Geniş yaradıcılıq diapazonuna malik bu tədqiqatçı klassiklərimizdən tutmuş müasirlərimizədək, yəni xalqımızın çoxşaxəli pedaqoji-əxlaqi-mədəni külliyatından başlamış müasir dövrədək əldə edilmiş bütün elmi-praktik nəticələri özündə əks etdirən peşəkar dərslik yaratma səriştəsinə görə seçilən, pedaqogika üzrə mövzu və problemləri əzm və ehtirasla gündəmdə saxlayan, elmi-pedaqoji mətbuatla sıx əməkdaşlıqdan yorulmayan az-az qələm sahiblərindəndir.

 

Bir alim və insan kimi Məcid müəllimi səciyyələndirən ən ümdə cəhətlərdən biri də onun öz həmkarlarının elmi-pedaqoji fəaliyyətinə biganəlikdən uzaq olması, elmi diskussiya və müzakirələrə meyilliliyidir.

 

Maraqlı odur ki, bir peşəkar tədqiqatçı kimi Məcid müəllim öz araşdırmalarında vahid bir istiqamətə sadiq qalaraq ardıcıllığı, sistemliliyi, konseptuallığı gözləyir. Tarixiliklə müasirliyi mühüm prinsip kimi əsas götürür, konkret və korrektə edilmiş fikirlərin harmoniyasını təşkil edən üsluba malik olması ilə daha çox seçilir.

 

Professor Məcid İsmixanovun elmi yaradıcılığı həm yetərincə zəngin, həm də çoxcəhətli və çoxşaxəlidir. Xüsusilə demək olar ki, kafedrada magistratura üzrə tədris edilən fənlərin bir çoxunun proqram və dərs vəsaitləri onun qələmindən çıxıb. Yazılarındakı bütövlük, orijinallıq, məntiqi ardıcıllıq məhz onunla bağlıdır ki, alim elmin bir-birilə bağlı olan ayrı-ayrı sahələrinə aid biliklərini bacarıqla sintezləşdirir ki, bu da aparılan axtarışların və söylənən fikirlərin dəyərini qat-qat artırır.

 

Onun müəllimliyi və nəzəri-elmi fəaliyyəti ilə əməli işi arasında daimi vəhdət vardır. O, yazı masası arxasında yaratdığı elmi pedaqoji müddəallarını auditoriyada, elmi məclislərdə böyük həvəslə tələbələrin, geniş ictimaiyyətin mühakiməsinə təqdim etməyi çox sevir. Onun simasında alimliklə müəllimliyin vəhdəti adamı vəcdə gətirir.

 

Məcid müəllimin təmiz xarakteri, məntiqli danışığı, saf əqidəsi, mənəvi kamilliyi, sözün əsl mənasında, yüksək keyfiyyətlərə malik olması məni ona daim yaxınlaşdırıb. Məcid müəllimlə aramızda müəyyən məsafə, ədəb-ərkan olmasına baxmayaraq, onun həmişə sadəliyini hiss etmişəm.

 

Əsərlərinin elmi səviyyəsi, dili və üslubu xüsusilə seçilən alimin aşağıdakı kitabları dediklərimə sübutdur: “Pedaqogika (təlim və təhsil nəzəriyyəsi-didaktika)”. Məlumdur ki, müəllim hazırlığı sistemində pedaqogika fənni xüsusi yer tutur. Müstəqilliyimizin ilk illərində milli təhsil siyasəti kontekstində yeni-yeni dərsliklərə keçidə şərait yarandı. H.Əhmədov, N.Kazımov, Ə.Həşimov, Y.Talıbov, Ə.Ağayev, Ə.Həsənov, L. Qasımova, F.Rüstəmov və b. bu sahədə keçmiş sovetlərdən qalma tabuları yararaq yeni milli dərsliklər hazırladılar. Belə ilklərdən biri də Məcid İsmixanovun “Pedaqogika” dərsliyidir.

 

“Məktəbin idarə edilməsi” dərsliyi də yeniliyi ilə seçilir. Bu mənada müasir məktəb qarşısında duran vəzifələrin həlli onun necə idarə olunmasından çox asılıdır. Məcid müəllim kitabında təhsil islahatı ilə bağlı məktəbdə təlimin məzmunu və texnologiyasının yeniləşməsi, maddi-texniki bazanın möhkəmlənməsi istiqamətində görülmüş işlərə, ciddi dəyişikliklərə xüsusi diqqət yetirərək təhsilin modernləşməsi kontekstində idarəetmə ilə bağlı orijinal dərslik hazırlamışdır.

 

Bu vəsait məktəbşünaslığın nəzəri əsaslarının, təşkilati və praktik məsələlərinin şərhinə həsr edilməklə burada məktəbi idarəetmənin mahiyyəti, funksiyaları, prinsip və metodları, strukturu, idarəetmə fəaliyyətinin sistemi, təlim-tərbiyə işinə rəhbərlik, məktəbdaxili nəzarət, metodik işə rəhbərlik və s. vacib məsələlər nəzərdən keçirilir.

 

Onun “Pedaqoji etika” dərsliyi də gələcək müəllimlərə pedaqoji etika sahəsində lazımi biliklər vermək, onların etik təsəvvürlərini genişləndirmək və pedaqoji fəaliyyətə nəzəri və praktik cəhətdən hazırlaşdırmaqdan ibarətdir. Kitabda pedaqoji etikanın aktual problemləri, prinsip və kateqoriyaları, müəllimin peşə əməyinin və münasibətlərinin əxlaqi əsasları və pedaqoji etikaya yiyələnməsi yolları nəzərdən keçirilir.

 

“Sosial pedaqogika” dərsliyi də müasirliyi ilə seçilir. O, gələcək mütəxəssisləri sosial pedaqogikaya yiyələnməklə gənclərin sosiallaşması prosesini daha yaxşı izləməyə, bu prosesə təsir göstərən amilləri düzgün nəzərə almağa, onların imkanlarından tərbiyə məqsədi üçün daha yaxşı istifadə etməyə, habelə sosial mühitin mənfi təsirlərini neytrallaşdırmağa, insanın inkişafı və tərbiyəsində baş verən sosial əyintilərin qarşısını almağa və onları aradan qaldırmağa, həyat çətinliklərinə qarşı insanın müqavimət gücünü artırmağa və özünü reallaşdırması üçün əlverişli şərait yaratmağa nail ola bilər.

 

“Müəllimlik ixtisasına giriş” dərsliyi bu sənətə gələnlər üçün təqdimat fənni olaraq, onların ilk pedaqoji-peşə fənnidir. Bu fənnin başlıca qayəsi müəllim peşəsinin xüsusiyyətləri, elmi əsasları və təhsil əməyi mədəniyyəti ilə tanış etməkdən, ən başlıcası isə sizin pedaqoji təcrübəyə daxil olmanızı asanlaşdırmaqdan, özünüzdə müəllim üçün zəruri olan pedaqoji peşə keyfiyyətlərini formalaşdırmaqda sizə yardımçı olmaq baxımından çox əhəmiyyətlidir.

 

Buraya onun “Ali məktəb pedaqogikası”, “Ali məktəb didaktikası”, “Pedaqoji terminlərin izahlı lüğəti”, “Təhsilin əsasları” əsərlərini, eləcə də 300-dən çox elmi məqalələrini də əlavə etsək onun çox məhsuldar ziyalı olduğunu görərik. Bu gün Məcid İsmixanov həyatının müdrik çağını, fəaliyyətinin qaynar dövrünü yaşayır. Yaradıcılıq eşqi, yaratmaq istəyi və enerjisi ilə dolu dostumuz olan, gözəl ziyalı, nüfuzlu alim və pedaqoq, hörmətli Məcid müəllimə uzun ömür və cansağlığı, səadət, yeni uğurlar arzulayır, yeni əsərləri ilə oxucuları tezliklə sevindirəcəyinə əminliyimizi bildiririk.

 

 

Həsən BAYRAMOV,

Pedaqogika üzrə elmlər doktoru, Bakı Dövlət Universitetinin professor əvəzi, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki

 



17.06.2019 | 10:05